MSK sədri 4 oktyabr seçkiləri ilə bağlı bütün maraqlı detalları açıqladı
03.10.2025 11:48
461
Siyasət
A
MSK sədri 4 oktyabr seçkiləri ilə bağlı bütün maraqlı detalları açıqladı

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, ölkə üzrə 3  min 61 seçki məntəqəsi açılacaq, onlardan 2 min 284 məntəqədə səsvermə elektron qaydada, 777 məntəqədə isə ənənəvi qaydada keçiriləcək və bütün məntəqələr seçiciləri qəbul etməyə hazırdır.

Aktual.ge xəbər verir ki, o, yerli seçkilərə bir gün qala keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, seçkilərdə vətəndaşlar 64 bələdiyyə şurasına 2 min 58 üzv və 64 meri seçəcəklər. Səsvermə səhər saat 08:00-da başlayacaq və axşam 20:00-da başa çatacaq.

“Sabah, 4 oktyabrda, bələdiyyə nümayəndəli orqanlarının, şuraların və merlərin növbəti seçkiləri keçiriləcək. Gürcüstan vətəndaşları həm proporsional, həm də majoritar sistemlə 64 şuraya 2 058 üzv, həmçinin 64 meri seçəcəklər. Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatın müşahidəçiləri izləyəcək, həmçinin prosesi 73 KİV-dən minə yaxın nümayəndə işıqlandıracaq. Qeydiyyatdan keçmiş beynəlxalq təşkilatlar sırasında 21 ölkədən – o cümlədən Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Macarıstan, Slovakiya, Monteneqro, Türkiyə və Moldovadan səfirliklərin, beynəlxalq təşkilatların və seçki idarələrinin nümayəndələri var.

Bugün gün ərzində müxtəlif ölkələrin seçki administrasiyaları və beynəlxalq təşkilatlarla işgüzar görüşlər keçiriləcək, iştirakçılara seçkilərlə bağlı maraqlı bütün məlumatlar şəxsən təqdim olunacaq.

4 oktyabr seçkiləri üçün 12 siyasi partiya qeydiyyatdan keçib. Tbilisidə mer postu uğrunda 9 namizəd yarışır. Şura seçkiləri üçün isə bütün 12 siyasi birlik partiya siyahısı təqdim edib. Digər 63 bələdiyyədə ümumilikdə 112 mer namizədi qeydə alınıb, onlardan 4-ü təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Majoritar seçki dairələrində isə ümumilikdə 2 228 namizəd qeydiyyatdan keçib, onlardan 32-si təşəbbüs qruplarının namizədləridir. Təkcə Tbilisidə 160 majoritar namizəd var.

Ölkə üzrə açılmış 3 061 seçki məntəqəsinin 10-u xüsusi penitensiar müəssisələrdə yaradılıb. Bütün məntəqələr seçiciləri qəbul etməyə hazırdır. Səsvermə prosesi səhər 08:00-da başlayacaq. Seçicilər mütləq şəxsiyyət vəsiqəsi və ya pasport təqdim etməlidirlər. Səsvermə 20:00-da başa çatacaq, lakin həmin vaxt növbədə olan seçicilər də səs verə biləcəklər bunun üçün məntəqə komissiyasının sədri onların qeydiyyatını təmin edəcək.

Qeyd edim ki, bələdiyyə seçkiləri idarəetmə baxımından ən mürəkkəb seçkilərdən biridir. Buna görə də seçki administrasiyası bütün il boyu yüksək peşəkarlıq və beynəlxalq standartlarla seçkiləri keçirmək üçün fəal şəkildə hazırlaşıb. İmitasiya edilmiş səsvermələrin nəticələri də bunu təsdiqləyir" , - qeyd edib Giorgi Kalandarişvili.

MSK sədri vurğulayıb ki, seçkilər ümumi işdir və seçicilər fəal olmalı, səsvermədə iştirak etməli və öz hüquqlarından istifadə etməlidirlər

Əlavə olaraq:

  • - Seçki məntəqələrinin detallı məlumatı, statistika və digər göstəricilər MSK-nın veb-saytında dərc olunacaq.

  • - Bu seçkilərdə ilk dəfə geniş miqyasda elektron texnologiyalar istifadə olunacaq. Bu, prosedurların sürətini və şəffaflığını artıracaq.

  • - Ümumi seçici sayı 3 milyon 513 min 818 nəfərdir, onlardan 3 milyon 130 min 348 nəfəri elektron sistemlə səs verəcək. İlk dəfə 47 minə yaxın gənc seçkidə iştirak edəcək.

  • - 60 min 754 seçici daşınan qutu ilə səsvermə üçün müraciət edib.

  • - Seçkiləri idarə edəcək seçki administratorlarının sayı 34 minə yaxındır.

  • - Elektron məntəqələrdə seçici xüsusi markerlə bülletendə seçim edib, onu xüsusi konvertə qoyaraq sayğac qurğusuna atacaq. Qurğu səsləri avtomatik sayacaq və nəticələri dərhal MSK-ya göndərəcək. 1–2 saat ərzində ilkin nəticələr açıqlanacaq.

  • - Şəffaflıq üçün bütün bülletenlər həmçinin əl ilə də sayılacaq.

  • - Elektron cihazlar internetə qoşulu deyil, kibertəhlükə yoxdur, səsvermə gizli qalır.

“Seçkilər ümumi işimizdir. Ona görə də seçiciləri fəal olmağa, siyasi partiyaları, QHT-ləri, beynəlxalq təşkilatları və medianı isə seçki prosesinin dinc və azad mühitdə keçirilməsinə dəstək olmağa çağırıram” , - deyə o bildirib.

ŞƏRH YAZ
9