Batumi şəhərinin Pirosmani küçəsində, 15-ci dairənin qarşısında dayanmış bir mikroavtobusda xüsusi siyahılarla oturan şəxslərin mümkün pul paylaması halları müşahidə olunub.
Aktual.ge xəbər verir ki, hadisə yerində olan “TV Pirveli”nin jurnalisti ilə danışanların bir hissəsi təsdiqləyib ki, siyahılar əllərindədir, həmin ərazidə yaşayırlar və yalnız qonşularını qeydiyyata alırlar. Digərləri isə suallara aqressiv reaksiya verərək cavab verməkdən yayınmağa çalışıblar.
"Bu, bizim qonşularımızın seçici siyahısıdır. Kim gəlmirsə, evlərinə gedirik, bir az oturub söhbət edirik. Amma ciddi desək, kim gəlmək istəmirsə, gəlməsin – öz işidir", – deyə mikroavtobusda olan qadınlardan biri bildirib.
“Xəyal qurmayın, bu sadəcə nağıldır. Sizə nəsə verirlər? Yalan məlumat yaymayın, belə bir şey baş vermir”.
Jurnalistin sualı orada siyahı ilə dayanan bir kişini də qəzəbləndirib. O, kobud şəkildə reaksiya verərək, jurnalistə təhqiramiz ifadələr işlədib:
“Çəkilişi dayandır, vecimə də deyil. Niyə çəkirsən? Bu səni maraqlandırmamalıdır. Siyahı ilə dayanmışam, bəs nə? Pul payladığımı nə vaxt görmüsən? Həmişə belə danışırlar sizə. Siyahı ona görə əlimdədir ki, kim gəlir, kim gəlmir, onu izləyirəm. Gəlib buradayam, vəssalam”, – deyə kişi bildirib.
Müxalifət bu dairə ilə bağlı ciddi sualların olduğunu deyir. Onların məlumatına görə, Batumidə demək olar ki, bütün seçki məntəqələrində seçicilərin satın alınması halları müşahidə olunur.
"Gürcü Arzusu heç vaxt qaydalara riayət etmir. Onlar gürcü xalqının seçkilərini oğurlayır. Bu seçki çox önəmlidir. Onlar oğru kimi davranırlar – insanları gətirirlər, təzyiq göstərirlər, pul paylayırlar. Bu həyasızlıq onların əsl simasını göstərir. Amma bu da işə yaramayacaq. Gürcü xalqı layiq olduğu seçimi edəcək", – deyə müxalifət nümayəndəsi bildirib.