Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Aktual.ge Azərtac-a istinadən xəbər verir ki, Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında təkbətək görüş baş tutub.
"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim", - deyə İlham Əliyev qeyd edib.
Rusiya Prezidenti isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.
"Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır" , - Putin deyib.
Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı. Putin vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.