Daxili İşlər Nazirliyi oktyabrın 4-də Tbilisidə baş verən hadisələrlə bağlı daha 8 nəfəri saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazirin müavini Aleksandre Daraxvelidze məlumat verib.
Açıqlamayada qeyd edilib ki, ümumilikdə 44 nəfər saxlanılıb, 4 nəfər isə gizlənir.
“Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 2025-ci il oktyabrın 4-də Tbilisidə qanunsuz və zorakı hərəkətlər törədən şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində işi davam etdirirlər.
İstintaq çərçivəsində kompleks əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları daha 8 nəfəri saxlayıb: Z.A., A.D., İ.Ç., X.Q., G.Ç., G.M., R.M. və İ.D. Dörd nəfər isə hələ də gizlənməkdədir.
Beləliklə, bu iş üzrə ümumilikdə 44 nəfər saxlanılıb.
Cinayət işinin istintaqı zamanı müəyyən olunub ki, Daxili İşlər Nazirliyinin dəfələrlə etdiyi ictimai çağırışlara baxmayaraq, aksiyanın dinc və qanun çərçivəsində keçirilməsi barədə xəbərdarlıqlara rəğmən təqsirləndirilən şəxslər 4 oktyabrda Atoneli küçəsində qanunsuz və zorakı hərəkətlər ediblər.
Videomüşahidə materiallarının və müxtəlif media vasitəsilə yayılan kadrlardan göründüyü kimi, təqsirləndirilənlərin bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşlarına həm fiziki, həm də şifahi təhqirlər edib, onların istiqamətinə müxtəlif ağır əşyalar və daşlar atıblar. Bundan əlavə, onlar Gürcüstan Prezidentinin iqamətgahına daxil olmağa cəhd göstəriblər və bu zaman iqamətgahın həyətindəki hasarları zədələyiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci (əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 222-ci (ictimai asayişin pozulması), 225-ci (kütləvi iğtişaşların təşkili) və 317-ci (hüquq-mühafizə orqanı əməkdaşına qarşı zorakılıq) maddələri ilə aparılır.
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində istintaq tədbirlərini davam etdirirlər. Məsələ ilə bağlı yeni məlumatlar ictimaiyyətə mütəmadi olaraq təqdim ediləcək”, - məlumatda qeyd olunub.