Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları isti izlərlə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə 2004-cü il təvəllüdlü A.G.-ni saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, hadisə Tbilisidə, Veri parkının yaxınlığında baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs 2004-cü il təvəllüdlü G.V. və 2006-cı il təvəllüdlü S.V.-yə bıçaqla boğaz və kürək nahiyələrindən xəsarətlər yetirib. Hadisədən sonra A.G. hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.
Bildirilir ki, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi — qəsdən adam öldürməyə cəhd — üzrə aparılır. Bu maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.