Papuaşvili Avropa Komissiyasının sözçüsünü Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edir
10.10.2025 13:21
323
Siyasət
A
Papuaşvili Avropa Komissiyasının sözçüsünü Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edir

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının sözçüsü Anita Hipperi sərt şəkildə tənqid edib və onu gürcü xalqına qarşı hücumda ittiham edib.

Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, Hipperin açıqlamaları 4 oktyabrda Gürcüstanda baş verən hadisələrlə bağlı Brüssel bürokratlarının öz məsuliyyətindən yayınmaq üçün siyasi motivli cəhdləridir.

“Bu, onun etdiklərinə görə məsuliyyətdən qaçmaq üçün aciz bir cəhddir. Xüsusilə, o, 4 oktyabrda hökuməti devirmək məqsədilə planlaşdırılan mitinqi təşviq edib və xaricdən dəstək göstərib. Dünən və ya srağagün verdiyi açıqlama gürcü xalqına və onun seçdiyi hakimiyyətə qarşı sözlü hücumun nümunəsidir və bu, artıq sona çatmalıdır. Təsəvvürə sığmaz haldır ki, heç kim tərəfindən seçilməmiş, yalnız rəhbərliyi tərəfindən təyin edilmiş bir bürokrat, gürcü xalqının demokratik şəkildə seçdiyi hökumətə hücum edir. Burada hansısa “Avropa standartları”ndan danışmaq artıq mənasızdır. Sadəcə, qəbulolunmazdır ki, seçilməmiş bir bürokrat başqa bir ölkənin demokratik yolla seçilmiş hakimiyyətinə qarşı çıxış etsin,” – deyə Papuaşvili bildirib.

Avropa Komissiyasının xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə mətbuat katibi Anita Hipper isə Avropa mediasına verdiyi açıqlamada Gürcüstan hökumətini sərt şəkildə tənqid edib və bildirib ki, “Gürcü Arzusu” partiyasının atdığı addımlar “Rusiyanın təlimat kitabçasından” ilhamlanıb.

ŞƏRH YAZ
14