Xobı bələdiyyəsinin kəndlərindən birində 16 yaşlı oğlanın əlindəki ov tüfəngi təsadüfən açılıb və nəticədə azyaşlı qız yaralanıb.
Aktual.ge xəbər verir ki, mövcud məlumata görə, yeniyetmələr nənələrinin ad günündə olublar və hadisə həmin vaxt baş verib. Qızın yuxarı ətrafında, döş qəfəsində və baş nahiyəsində xəsarətlər müşahidə olunur. Verilən məlumatlara əsasən, onlar bir-birlərinin əmiuşaqlarıdırlar.
Yaralı azyaşlı əvvəlcə Poti xəstəxanasına aparılıb və orada ilkin tibbi yardım göstərilib. Daha sonra isə ixtisaslaşmış klinikaya köçürülüb.Yaxınlarının sözlərinə görə, qızın vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq aparır. Bu maddə səhvən (ehtiyatsızlıq nəticəsində) sağlamlığa az və ya ağır zərər vurmanı nəzərdə tutur.