“İnsanlar sevinclə küçələrə axışdılar. Fələstinli qardaşlarımızın sevincini görmək bizi də xoşbəxt etdi. Xüsusilə Qəzzalı qardaşlarımızın şükür səcdəsinə qapandığını görmək bizi tamam fərqli bir duyğu dünyasına apardı”.
Aktual.ge xəbər verir ki, bunları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində keçirilən kütləvi açılış mərasimində çıxış edərkən deyib.
“Zalımların qarşısında əyilmədən, bükülmədən, dik dayanırıq” , - deyən Türkiyə lideri sözlərinə belə davam edib:
“Dünən Misirdən vicdan sahibi bütün insanları sevindirən bir xəbər aldıq. Həmas ilə İsrail arasında razılaşma əldə olundu. İki ildən sonra ilk dəfə Qəzzada üzlər güldü. İnsanlar sevinclə küçələrə axışdılar. Fələstinli qardaşlarımızın sevincini görmək bizi də xoşbəxt etdi. Xüsusilə Qəzzalı qardaşlarımızın şükür səcdəsinə qapanması bizi çox fərqli bir duyğu dünyasına apardı. İlk gündən etibarən bu prosesə ən böyük töhfə verən ölkələrdən biri də bizik”.
Bir nəfər də olsun günahsız insanın ölməməsi üçün bütün imkanların və qurumların səfərbər edildiyini vurğulayan Ərdoğan deyib:
“Nəticədə razılaşma imzalandı. Qəzzada daimi sülhə aparan qapı aralandı. Biz ‘qan axmasın, uşaqlar aclıqdan ölməsin’ deyirik. Tətbiqetmə mərhələsində də biz məsuliyyət daşıyacağıq. Humanitar yardımları sürətlə Qəzzaya çatdıracağıq. İsrailin verdiyi sözlərə əməl etməməkdəki keçmişini yaxşı bilirik. Onlar atdıqları imzalara xəyanət etdilər. İki ildir davam edən bombardmandan sonra Qəzza dağıntılar içindədir. Qəzzanın yenidən qurulmasında da bizə düşən nədirsə, inşallah onu yerinə yetirəcəyik. Soyqırım şəraitinə yenidən qayıtmağın bədəli çox ağır olacaq. Qəzza artıq qan və qətliamdan doymuşdur. Təxribatlardan uzaq durmaq lazımdır”.