Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi xarici ölkənin terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə yardım göstərmək faktı üzrə aparılan istintaq çərçivəsində Gürcüstanın 3 vətəndaşını saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavini Laşa Mağradze bu gün keçirdiyi brifinqdə məlumat verib.
“Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi xarici ölkənin terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə yardım göstərmək faktı üzrə aparılan istintaq çərçivəsində, məhkəmə qərarı əsasında Acara bölgəsində eyni vaxtda 5 fərqli ünvanda xüsusi əməliyyat həyata keçirib. Nəticədə 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
Antiterror Mərkəzinin həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əldə olunmuş sübutlara əsasən, müəyyən terror fəaliyyəti aşkar edilib. Terror ideologiyası əsasında formalaşmış, 'təkbirçilər' adlanan camaatın üzvlərinin xarici ölkədə yerləşən 'İslam Dövləti' [İŞİD] terror təşkilatının nüfuzlu liderləri ilə əlaqələri olub. Onların göstərişləri və gələcək terror məqsədləri əsasında bu camaat radikal-ekstremist ideologiyaya əsaslanan qrup yaradıb. Onlar digər dinlərin nümayəndələrinə qarşı xüsusi aqressiya ilə seçiliblər.
İstintaq materiallarına əsasən, qeyd edilən qrupun üzvləri 'İslam Dövləti'nin nüfuzlu üzvlərini Gürcüstana qanunsuz şəkildə gətirməyi və onların rəhbərliyi altında müəyyən baza yaratmağı planlaşdırıblar. Bununla onlar həmfikirlərinin qanunsuz qarşılanmasını, yerləşdirilməsini, logistik təminatını və Gürcüstan ərazisindən terror məqsədləri üçün tranzit kimi istifadəni təmin etməyi nəzərdə tuturdular.
Bu gün səhər tezdən keçirilən istintaq hərəkətləri zamanı terror simvollarını əks etdirən əşyalar, partlayıcı maddələr, çoxlu sayda döyüş sursatı və odlu silahlar, hərbi avadanlıqlar, mobil telefonlar və digər elektron məlumat daşıyıcıları, eləcə də müxtəlif valyutalarda böyük məbləğdə pul və istintaq üçün mühüm olan digər sübutlar müsadirə edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı və 328-ci maddələri ilə aparılır, bu maddələr odlu silahların, döyüş sursatının və partlayıcı maddələrin qanunsuz əldə edilməsi və saxlanmasını, eləcə də xarici terror təşkilatına qoşulmanı və terror fəaliyyətinə köməyi nəzərdə tutur. Cinayətə görə 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur” , - deyə Laşa Mağradze bildirib.