Tsalka bələdiyyəsində küçə itində quduzluq aşkar edilib
13.10.2025 15:21
229
Siyasət
A
Tsalka bələdiyyəsində küçə itində quduzluq aşkar edilib

Tsalka bələdiyyəsinin Darakovi kəndində küçə itinin ölümü ilə bağlı hadisə qeydə alınıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Milli Agentliyi yayıb.

Agentliyin Kvemo Kartli departamentinin baytarları hadisə yerində epidemioloji araşdırma apararaq laborator müayinə üçün nümunələr götürüblər. Araşdırma nəticəsində itdə quduzluq xəstəliyi təsdiqlənib.

Qurumun məlumatına görə, xəstəliyin aşkarlandığı ərazidə dərhal karantin tədbirləri görülüb – heyvanların məcburi peyvəndlənməsi, dezinfeksiya işləri və quduzluğa meyilli heyvanların sağlamlıq nəzarəti həyata keçirilib. Fakt barədə səhiyyə orqanlarına da məlumat verilib.

Bu il ölkə üzrə heyvanlarda quduzluğun 6 halı qeydə alınıb.

Qida Təhlükəsizliyi Milli Agentliyi hər il təxminən 300 min ev heyvanını (it və pişikləri) quduzluğa qarşı pulsuz peyvənd edir. Eyni zamanda, Acarıstan, İmereti, Kaxeti bölgələrində və Borjomi bələdiyyəsində sahibsiz və sahiblənilmiş heyvanların populyasiyasının idarə olunmasına dair pilot proqram həyata keçirilir.

Beynəlxalq təcrübə göstərir ki, sahibsiz itlərin sayının nəzarətdə saxlanması və onların peyvəndlənməsi quduzluğun qarşısının alınmasında mühüm rol oynayır. Hazırda 3 700-dən çox sahibsiz və sahiblənilmiş itdə sterilizasiya və peyvəndləmə aparılıb.

Agentlik vətəndaşlara müraciət edərək, ev heyvanlarını vaxtında peyvənd etdirməyə və sahibsiz heyvanların sayının azaldılmasına yönəlmiş proqramı dəstəkləməyə çağırır ki, həm heyvanlar, həm də insanlar arasında quduzluğun yayılmasının qarşısı alınsın.

ŞƏRH YAZ
4