Xüsusi Penitensiar Xidmət xalq müdafiəçisinin (ombudsmanın) keçmiş müavini Giorgi Burcanadzenin yaydığı məlumata cavab bəyanatı verib.
Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, penitensiar müəssisələrdə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərin yerləşdirilməsinin maksimal limiti 12 min 332 nəfərdir. 13 oktyabr 2025-ci il tarixinə isə Xüsusi Penitensiar Xidmətin müəssisələrində ümumilikdə 10 min 528 təqsirləndirilən/məhkum yerləşdirilib.
Xüsusi Penitensiar Xidmət Giorgi Burcanadzenin penitensiar müəssisələrdə məhkumların sayının artması ilə bağlı yaydığı məlumata münasibət bildirərək qeyd edib ki, bu məlumat reallığa uyğun deyil, ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və mövcud vəziyyətin təhrif olunmuş şəkildə təqdim edilməsinə cəhddir.
"Son 10 il ərzində penitensiar müəssisələrdə yerləşdirilən məhkumların orta sayı cüzi dəyişib. Məsələn, 2024-cü ilin sentyabr ayında məhkumların ümumi sayı 10 457 nəfər olubsa, 2025-ci ilin eyni dövründə bu rəqəm 10 445 nəfər təşkil edib.
Bəzi penitensiar müəssisələrdə, qanunvericiliyin tələblərinə tam əməl olunmaqla və məhkumların hüquqi vəziyyətini pisləşdirmədən, müəyyən olunmuş limitdən bir qədər çox şəxsin yerləşdirilməsi mümkündür. Hazırda yalnız iki penitensiar müəssisədə yerləşdirilən şəxslərin sayı müəyyən edilmiş limiti cüzi şəkildə aşır. 2025-ci ilin sentyabr ayında qəbul müəssisələrindən müxtəlif penitensiar müəssisələrə ümumilikdə 617 təqsirləndirilən/məhkum köçürülüb. Onlardan 137-si qapalı tipli, 480-i isə yarıaçıq tipli müəssisələrə yerləşdirilib.
Xüsusi Penitensiar Xidmət bir daha bütün şəxsləri cəmiyyətə yanlış məlumat ötürmək və xidmətin fəaliyyətini gözdən salmaq məqsədi daşıyan bu kimi məlumatların yayılmasından çəkinməyə çağırır", - deyə bəyanatda qeyd olunub.
Məlumat üçün bildirək ki, xalq müdafiəçisinin keçmiş müavini Giorgi Burcanadze deyib ki, 2015-ci ildən bəri Gürcüstanda bu qədər çox məhkum eyni vaxtda həbsxanalarda olmayıb. Onun sözlərinə görə, son 8 ayda həbsxana əhalisi 17% artıb.
“2025-ci ilin yanvar-fevral ayları arasında Gürcüstanda məhkumların ümumi sayı 1 532 nəfər artıb. 8 ayda həbsxana əhalisi 17% artıb. Son 8 ayda müxtəlif cinayətlərə görə 100 qadın və 1 432 kişi əlavə olaraq həbs edilib. 2015-ci ildən bəri bu qədər çox məhkum eyni vaxtda həbsdə olmayıb. Qldani həbsxanasında icazə verilən limitdən 432, Ksani zonasında 251, Kutaisi həbsxanasında isə 111 nəfər artıq məhkum var” , – deyə o, sosial şəbəkədə yazıb.