“Gürcüstanda terror yeni zirvəyə çatır, hakim partiya müxalifət partiyalarının qadağan edilməsini və onların bütün üzvlərinə gələcəkdə siyasi fəaliyyətlə məşğul olmağın yasaqlanmasını nəzərdə tutan qanun layihəsini təqdim edir”.
Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial platforma "X"də yazıb.
Onun sözlərinə görə, hökumət artıq küçə etirazçılarının cəzalandırılması qaydasını sərtləşdirib, inzibati məsuliyyət tədbirləri cinayət prosesləri ilə əvəz olunacaq.
“Küçə etirazçılarının əleyhinə inzibati ittihamlar cinayət prosedurları ilə əvəz ediləcək” , – deyə Salome Zurabişvili qeyd edib.
Xatırladaq ki, “Gürcü Arzusu” partiyasından bildirilib ki, Gürcüstan Konstitusiya Məhkəməsi haqqında orqanik qanuna bir sıra dəyişikliklər ediləcək. Parlament çoxluğunun lideri, “Gürcü Arzusu” fraksiyasının sədri İrakli Kirtsxalianın bildirdiyinə görə, dəyişikliklərə əsasən, “konstitusiya prinsiplərini pozan siyasi partiyalarla əlaqəsi olan şəxslərə passiv seçki hüququ qadağan ediləcək”.
Onun sözlərinə görə, bu cür şəxslər nəinki dövlət idarəçiliyində iştirak edə biləcəklər, hətta partiya fəaliyyətindən də uzaqlaşdırılacaqlar.
Bundan əlavə, inzibati və cinayət məcəllələrinə də dəyişikliklər planlaşdırılır. Yeni qaydalara əsasən, aksiya və ya nümayiş iştirakçısının üzünü maska ilə örtməsi, gözyaşardıcı və/və ya zəhərli maddə saxlaması, yolu bağlaması və ya müvəqqəti konstruksiya qurması ilk halda 15 günədək inzibati həbs, əgər şəxs aksiya təşkilatçısıdırsa – 20 günədək inzibati həbs ilə cəzalandırılacaq.
Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan aksiyada iştirak edən şəxs ilk dəfə bu tələbi pozarsa, 60 günədək inzibati həbs ala bilər. Eyni müddətə cəza, aksiyada silah, pirotexnika və ya insan həyatı və sağlamlığı üçün təhlükəli əşya saxlayanlara da tətbiq olunacaq. Bu cür qanunsuz hərəkətlərin təkrarı bir ilədək, üçüncü və sonrakı hallarda isə iki ilədək azadlıqdan məhrumetmə ilə nəticələnəcək.
Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur – hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni göstərişinə tabe olmayan şəxs bir ilədək azadlıqdan məhrum ediləcək.