Marneuli bələdiyyəsinin İmir kəndində 22 oktyabr axşamı dəhşətli hadisə baş verib. Sahibkarın sözlərinə görə, ona məxsus yük daşıyıcı nəqliyyat vasitəsi kriminal aləmin üzvləri tərəfindən yandırılıb.
Kamera qarşısında görünmək istəməyən iş adamı bildirib ki, bir müddət əvvəl ona zəng edilib və 50 min dolları Türkiyəyə çatdırması tələb olunub. Sahibkar isə bu tələbi rədd edib. Nəticədə onun iş maşını yandırılıb.
Hadisə 22 oktyabr saat 23:00 radələrində, İmir kəndində, sahibkarın mağazasının önündə baş verib. Saxlanılmış "Ford Sprinter" markalı yük daşıyıcı avtomobil tamamilə yanaraq məhv olub.
Mağazanın təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər hadisənin dəhşətini açıq-aydın göstərir. Kapişonlu, naməlum şəxs dayanacaqda saxlanmış nəqliyyat vasitəsinin üzərinə öncə alışqan maddə tökür, od vurur və dərhal hadisə yerindən uzaqlaşır.
Daxili İşlər Nazirliyndən Aktual.ge-nin sorğusuna cavab olaraq bildirilib:
"Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 181-ci (Hədə-qorxu yolu ilə tələb etmə) və 187-ci (Əşyanın zədələnməsi və ya məhv edilməsi) maddələri üzrə istintaqa başlanılıb".

