Azərbaycan Silahlı Qüvvələrinə Marneulidən on minlərlə lari yardım köçürülüb
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kənd ərazi vahidliyinin sakinləri topladıqları 37 000 lari pulu Azərbaycan Silahlı Qüvvələrinin yardım fonduna köçürüblər.
Aktual.ge-nin verdiyi məlumata görə, bu haqda sözügedən dəstək yardımının təşkilatçılarından biri olan Sadaxlı sakini İsmayıl Qurbanov məlumat verib.
Onun verdiyi məlumata görə:
"Bu iş xalqın özündən gələn sifariş idi. Yardım toplama işini Sadaxlı Mədəniyyət Evində bir qrup eloğlularla bir həftə öncə elan etdik. Həftə tamamında həm kapanyamız durduruldu həm də eyni günə təsadüf edən böyük qələbə sevinci Ali Baş Komandan İlham Əliyev tərəfindən elan olundu. O günü elimizdə bayram-bayrama qarışdı. Bizə də fərəhli olan budur ki, Sadaxlı eli adına yığılmış 37 000 lari Azərbaycan əsgərinə qələbə müjdəsi üçün bir kiçik hədiyyəmiz olacaq. Fürsətdən istifadə edib xalqımızı bu qələbə münasibətilə təbrik edirəm və bunu da əlavə edim ki, bizim kənd ərazi vahidliyinin adı ilə toplanmış bu məbləğdə qonşu Zop və Xocerni kəndində yaşayan azərbaycanlıların da payı var. Yardımda iştirak etmiş hər bir kəsə təşəkkür edirik".