Bu gündən Gürcüstanda bir sıra dəyişikliklər qüvvəyə minir
01.11.2025 18:56
1299
Maraqlı
A
Bu gündən Gürcüstanda bir sıra dəyişikliklər qüvvəyə minir

2025-ci ilin noyabr ayından etibarən Gürcüstanda bir neçə yeni qayda və tənzimləmə qüvvəyə minəcək.

Aktual.ge 1 noyabrdan etibarən ölkədə qüvvəyə minəcək dəyişiklikləri təqdim edir.


Dövlət qulluqçuları bir neçə maaşlı vəzifədə işləyə bilməyəcəklər

1 noyabrdan etibarən dövlət qulluqçularına bir neçə maaşlı vəzifədə eyni vaxtda çalışmaq qadağan ediləcək. Bu, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna edilən dəyişikliklərlə müəyyənləşib və qanuna artıq Mixeil Kavelaşvili imza atıb.

Qanuna əsasən, iki vəzifədə çalışan dövlət qulluqçusu artıq aldıqları əlavə əmək haqqını geri qaytarmalı olacaq. Lakin xüsusi qərarla “defisit peşələr” siyahısı tərtib olunub - bu sahələrə həmin məhdudiyyət tətbiq edilməyəcək.

Bu siyahıya aşağıdakı sahələr daxildir:

  • Məkan planlaşdırılması, urbanizasiya, memarlıq, mühəndislik və tikinti (məsələn: memar, urbanist, konstruktor, texniki nəzarətçi, yol mühəndisi, ekspert-laborant və s.);

  • Aviasiya sahəsi (uçuş təlimatçısı, aviasiya mühəndisi, texniki mütəxəssis və s.);

  • Ətraf mühitin mühafizəsi (biomüxtəliflik üzrə mütəxəssis, hidrobioloq, akvakultura mütəxəssisi, torpaqşünas, aqronom-botanist ekspert, ekolog, ətraf mühit bioloqu və s.);

  • Fizika və Yer elmləri (geoloq, hidrogeoloq, mühəndis-geoloq, meteoroloq, kimyaçı, klimatoloq və s.);

  • Tərcümə fəaliyyəti, jest dili mütəxəssisləri;

  • Hüquq sahəsi;

  • Şəxsi məlumatların mühafizəsi üzrə zabit;

  • Əmək təhlükəsizliyi üzrə mütəxəssis və s.


İctimai nəqliyyatda dəyişikliklər – Tbilisidə yeni avtobuslar

1 noyabrdan etibarən Tbilisidə ictimai nəqliyyat marşrutlarında dəyişikliklər ediləcək. N306 marşrutu üzrə yeni, 18 metrlik avtobuslar xəttə buraxılacaq.

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, N306 marşrutu bundan sonra yalnız Akaki Beliaşvili küçəsi ilə Nikoloz Barataşvili küçəsi arasında deyil, daha geniş ərazini əhatə edəcək.

Yeni sxemə əsasən, marşrut Nikoloz Barataşvili küçəsindən Ketevan Dedopali prospektinə, oradan isə Beri Gabriel Salosi prospekti və Emir Burjanadze küçəsinə qədər uzanacaq. Digər istiqamətdə marşrut Akaki Beliaşvili küçəsindən Did Diğomi məhəlləsinə qədər davam edəcək. Beləliklə, N306 xətti Parnavaz Mepe prospekti və Demetre Tavdadebuli küçəsi ilə hərəkət edəcək.

Bundan başqa, Beliaşvili küçəsi ilə Robakidze prospektinin kəsişməsində yeni nəqliyyat qovşağı yaradılıb. 1 noyabrdan etibarən N306 avtobusları bu qovşaqda işıqfor vasitəsilə sola dönərək “Didube” metro stansiyasına istiqamətlənəcəklər.


Rike–Narikala kanat yolu qış rejiminə keçir

Rike və Narikala qalasını birləşdirən kanat yolu qış iş rejiminə keçir.

Tbilisi meriyasının məlumatına görə, 1 noyabrdan etibarən kanat yolunun iş saatları dəyişəcək:

  • İşin başlanma vaxtı əvvəlki kimi səhər 10:00 olaraq qalır;

  • İşin bitmə vaxtı isə gecə 00:00-dan 22:00-a dəyişdiriləcək.


Gürcüstana yeni aviaşirkət gəlir – Vision Air

2 noyabrdan etibarən Moldovada qeydiyyatdan keçmiş Vision Air aviaşirkəti Gürcüstana daxil olur. Şirkət Kişinyov–Tbilisi–Kişinyov marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Gürcüstan Mülki Aviasiya Agentliyinin məlumatına görə, Vision Air əvvəlcə həftədə bir dəfə (bazar günü) uçuş həyata keçirəcək, daha sonra isə tezliyi artıracaq:

  • 13 noyabrdan etibarən ikinci uçuş (cümə axşamı) əlavə ediləcək;

  • 16 dekabrdan isə şirkət həftədə üç dəfə — çərşənbə axşamı, cümə axşamı və bazar günü uçuşlar həyata keçirəcək.


Yeni dizaynlı elektron şəxsiyyət vəsiqələri – 3 noyabrdan

Dövlət Xidmətləri Agentliyinin məlumatına görə, 3 noyabr 2025-ci ildən yeni dizaynda hazırlanmış elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.

Xatırladaq ki, yenilənmiş dizaynlı biometrik pasportlar və yaşayış icazələrinin elektron kartları artıq 6 oktyabrdan etibarən təqdim olunur. Oktyabr ayından etibarən həmçinin aşağıdakı sənədlər də yenilənmiş dizaynda verilir:

  • Müvəqqəti yaşayış icazəsi kartı;

  • Daimi yaşayış icazəsi kartı;

  • Diplomatik pasport;

  • Xidməti pasport;

  • Qaçqın statuslu şəxsin səyahət sənədi;

  • Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxsin səyahət pasportu.


Ryanair 12 noyabrdan tamamilə rəqəmsal miniş kartlarına keçir

İrlandiyanın aşağıbüdcəli aviaşirkəti Ryanair 12 noyabrdan etibarən tamamilə rəqəmsal miniş kartlarına keçəcək.

Bu tarixdən sonra sərnişinlər kağız miniş kartlarını yükləyə və çap edə bilməyəcəklər.

Sərnişinlər myRyanair mobil tətbiqi vasitəsilə uçuşa qeydiyyatdan keçərkən rəqəmsal miniş kartı əldə edəcəklər.

Tətbiq vasitəsilə həmçinin yer seçimi, uçuş məlumatlarının real vaxtda izlənməsi və digər funksiyalardan istifadə etmək mümkün olacaq.

ŞƏRH YAZ
13