Dünyada tutduğu vəzifəyə görə ən yüksək maaş Sinqapurun Baş nazirinə məxsusdur və onun illik gəliri 1 milyon 700 min dollardan çoxdur.
Aktual.ge xəbər verir ki, bu barədə "PoliticalSalaries" portalı məlumat verib.
Yenilənmiş məlumatlara əsasən, ilk onluğa həmçinin İsveçrənin, Almaniyanın, ABŞ-ın, Avstraliyanın, Avstriyanın, Belçikanın, Qrenlandiyanın, Kanadanın və Danimarkanın siyasi liderləri də daxildir.
Daha dəqiq desək, dünyanın ən yüksək maaş alan siyasi liderlərinin ilk onluğu və onların illik gəlirləri belədir:
Sinqapurun Baş naziri — 1 725 000 dollar
İsveçrənin Prezidenti — 622 000 dollar
Almaniyanın Kansleri — 432 000 dollar
Avstraliyanın Baş naziri — 415 000 dollar
ABŞ-ın Prezidenti — 400 000 dollar
Avstriyanın Kansleri — 339 000 dollar
Belçikanın Baş naziri — 320 000 dollar
Danimarkanın Baş naziri — 311 000 dollar
Qrenlandiyanın Baş naziri — 311 000 dollar
Kanadanın Baş naziri — 305 000 dollar
Gürcüstana gəlincə, 2025-ci ilin 1 yanvarından etibarən dövlət-siyasi vəzifə sahiblərinin maaşları artırılıb. Maaşı ən çox artan vəzifəlilər sırasında Prezident, Baş nazir, Parlamentin sədri, onun müavinləri, komitə sədrləri və deputatlar yer alır.
Gürcüstanda dövlət-siyasi vəzifə sahiblərinin maaşlarının hesablanması üçün xüsusi əmsallar sistemi tətbiq olunur. Ən yüksək — 10 əmsal Prezident, Baş nazir və Parlament sədri üçün müəyyən edilib.
Qanuna əsasən, dövlət büdcəsində hər il baza maaş məbləği təsdiqlənir; 2025-ci il üçün bu məbləğ 1 460 lari təşkil edir. Buna əsasən, Baş nazirin, Prezidentin və Parlament sədrinin illik gəliri (gəlir vergisi daxil olmaqla) 175 200 lari olacaq.
Qeyd olunur ki, 2026-cı ilin dövlət büdcəsi layihəsinə görə, növbəti ilin 1 yanvarından dövlət sektorunda çalışanların maaşları əlavə olaraq 10% artırılacaq. Əgər layihə qanun kimi qəbul olunsa, Prezidentin illik maaşı 192 000 lari, eyni zamanda Baş nazirin də maaşı bu məbləğdə olacaq.