Azərbaycan bankı Gürcüstandan son 9 ayda 1 milyon 156 min gəlir əldə edib
03.11.2025 17:20
423
İqtisadiyyat
A
Azərbaycan bankı Gürcüstandan son 9 ayda 1 milyon 156 min gəlir əldə edib

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin yanvar-sentyabr aylarını 1 milyon 156 min lari xalis mənfəətlə başa vurub. Halbuki, bank 2024-cü ilin eyni dövründən 6 milyon 166 min lari mənfəətlə çıxmışdı.

Aktual.ge xəbər verir ki, 9 ay ərzində "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 2,122 milyon lari (İllik müqayisədə 2,9 dəfə az), mənfəət vergisi ödəmələri isə 965 min lari (1 il əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il oktyabrın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 638,638 milyon lari olub ki, bu da 1 il əvvələ nisbətən 4,4 % çoxdur. Bunun 363,654 milyon larisi müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6,1 % böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 4 % artaraq 513,457 milyon lariyə, o cümlədən depozit portfeli 4,9 % azalaraq 409,799 milyon lariyə düşüb, balans kapitalı isə 5,7 % artaraq 125,181 milyon lariyə çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir. Törəmə bankın səhmlərinin 85,1 %-i "PAŞA Bank"a, 14,9 %-i isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

ŞƏRH YAZ
8