Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosi 2025-ci il üçün genişlənmə paketini Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərinə təqdim edəcək.
Aktual.ge xəbər verir ki, Avropa Parlamentinin məlumatına görə, bu mövzuda debatlar da keçiriləcək və müzakirələr namizəd və potensial namizəd ölkələrin Aİ-yə üzvlük yolunda əldə etdikləri irəliləyişə fokuslanacaq.
Komissiyanın həmin ölkələrdə Aİ ilə əlaqəli islahatların qiymətləndirilməsindən sonra, komitənin məruzəçiləri hər bir ölkə üçün parlamentin nəticə və tövsiyələrini əhatə edən qətnamələr hazırlayacaqlar.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstandakı Aİ səfiri Pavel Herçinski bildirmişdi ki, 4 noyabrda Gürcüstanla bağlı genişlənmə hesabatı dərc olunacaq.
“Bu, çox geniş və məzmunlu bir sənəd olacaq. Avropa Komissiyası tərəfindən təqdim ediləcək və orada Gürcüstanda son bir ildə baş verən hadisələr və onların Gürcüstanın Aİ-yə üzv olmaq istəyi ilə necə əlaqəli olduğu ətraflı şəkildə təsvir ediləcək. 4 noyabr çox vacib tarixdir - həmin gün Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas və genişlənmə məsələləri üzrə komissar Marta Kosi mətbuat konfransı keçirəcəklər. Elə həmin gün, 4 noyabrda, mən də Tbilisidə mətbuat konfransı keçirəcəyəm ki, Gürcüstanın nə dərəcədə yaxşı və ya pis işlədiyi barədə detallı suallara cavab verim” , – deyə səfir qeyd etmişdi.