Brüsseldən Gürcüstanla bağlı gözlənilən hesabat verildi
04.11.2025 17:26
833
Siyasət
A
Brüsseldən Gürcüstanla bağlı gözlənilən hesabat verildi

2024-cü il sentyabrın 1-dən 2025-ci il sentyabrın 1-dək olan dövr ərzində Gürcüstanda demokratiyanın vəziyyəti əhəmiyyətli geriləmə ilə xarakterizə olunub.

Aktual.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) 2025-ci il genişlənmə üzrə hesabatında deyilir.

“Hökumət vətəndaş cəmiyyətinin, medianın nümayəndələrinə və müxalifət liderlərinə qarşı repressiv tədbirlər həyata keçirdi ki, bu da demokratik prosesləri ciddi şəkildə sarsıdır və faktiki olaraq vətəndaş iştirakını, eləcə də qarşılıqlı nəzarət və tarazlıq sistemini aradan qaldırır. Müxalifətin səkkiz nümayəndəsinə 7–8 aylıq azadlıqdan məhrumetmə cəzası verildi və növbəti iki il ərzində dövlət vəzifəsi tutmaq qadağan olundu. Effektiv parlament nəzarətinin olmaması icra hakimiyyətinin səlahiyyətlərinin artmasına səbəb oldu” , - deyə hesabatda qeyd olunub.

Hesabata əsasən, “Vətəndaş cəmiyyəti və tənqidi səslərə qarşı qorxutma, düşmənçilik ritorikası, təhdid və zorakılıq daha da artıb”.

“Parlament qeyri-hökumət təşkilatlarının qərar qəbuletmə prosesində məcburi iştirakını ləğv etdi və bununla da vətəndaş cəmiyyətini idarəetmədən daha da kənarlaşdırdı. Vətəndaş cəmiyyəti təşkilatlarının əksəriyyəti Antikorrupsiya Bürosu tərəfindən həssas məlumatların təqdim edilməsinə dair tələblər aldı. Hökumətin 2028-ci ilə qədər Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmaq qərarına qarşı keçirilən etiraz aksiyalarına qarşı qeyri-proporsional zorakılıq və repressiyalar tətbiq edildi” , - deyilir hesabatda.

Avropa İttifaqı Gürcüstan hakimiyyətini kursunu dəyişməyə çağırır.

“Gürcüstan hökuməti Avropa İttifaqının prinsipləri və dəyərləri, eləcə də beynəlxalq hüquq öhdəlikləri ilə ziddiyyət təşkil edən fəaliyyət kursunu dəyişməlidir. Gürcüstan repressiv qanunvericiliyi ləğv etməli, Avropa inteqrasiyasının əsas prinsiplərinə uyğun demokratik, hərtərəfli və davamlı islahatlar həyata keçirməlidir. Əsas hüquq və prinsiplər, o cümlədən ədalətli məhkəmə hüququ, ifadə azadlığı, toplaşmaq azadlığı, media azadlığı və plüralizm qorunmalı və təmin edilməlidir. Ədalətsiz şəkildə həbs olunan şəxslər azad edilməlidir. İnsan hüquqlarının pozulması və zorakılıq halları effektiv və vaxtında araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır” , - qeyd olunub.

ŞƏRH YAZ
0