Gürcüstan məhkəmə sistemi və fundamental hüquqlar sahəsində hazırlığın erkən mərhələsi ilə müəyyən hazırlıq səviyyəsi arasında yerləşir və artıq ikinci ildir ki, geriləmə müşahidə olunur.
Aktual.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının 2025-ci il genişlənmə paketi çərçivəsində Gürcüstanla bağlı hesabatda qeyd olunub.
"Gürcüstan hazırda hazırlığın erkən mərhələsindədir, 2024-cü ildəki müəyyən hazırlıq səviyyəsindən aşağı düşüb və artıq ardıcıl ikinci ildir ki, geriləmə müşahidə olunur. Yenidən nəzərdən keçirilmiş hüquqi çərçivə məhkəmə sisteminin müstəqilliyini və bütövlüyünü sarsıdır, həmçinin əvvəlki islahatları geriyə aparır. Ümumi məhkəmələr haqqında qanuna 2025-ci ilin iyununda edilən dəyişikliklər məhkəmə sisteminin legitimliyini zəiflədir və əsas məhkəmə institutları və hakimlərin hesabatlılığına və qərəzsizliyinə təhlükə yaradır” , - deyə hesabatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, dəyişikliklər sürətləndirilmiş prosedurla, lazımi məsləhətləşmələr və ətraflı müzakirələr olmadan qəbul edilib.
“Bu dəyişikliklər məhkəmə hakimiyyətinin ələ keçirilməsi risklərini artırır və Venesiya Komissiyasının çoxsaylı tövsiyələrinə, eləcə də doqquz addımlıq plana ziddir. Ədalət Ali Şurasının yenilənmiş tərkibi və seçki qaydaları, hakimlərin intizam məsuliyyəti ilə bağlı dəyişdirilmiş qaydalar və Müfəttiş Xidmətinin Ədalət Ali Şurasına inteqrasiyası məhkəmə sisteminin müstəqilliyini və hesabatlılığını əhəmiyyətli dərəcədə zəiflədir.
2025-ci ilin iyununda qəbul edilən dəyişikliklərlə məhkəmə proseslərinin şəffaflığı məhdudlaşdırılıb bu dəyişikliklər Ədalət Ali Şurasına ictimaiyyətin məhkəmə proseslərinə çıxışına dair qərar vermək səlahiyyəti tanıyır. Həmçinin mənfi hadisələr baş verib: o cümlədən 2025-ci ilin iyununda yeni baş prokurorun sadə çoxluqla, sələfinin mandatı bitməmişdən dörd il əvvəl təyin edilməsi. Ali Məhkəmənin bir hakimi Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Gürcüstan prezidentinin Ədalət Ali Şurasına qeyri-hakim üzv təyinatı ləğv edilib və daha sonra Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə rəqib namizəd təyin olunub.
Gürcüstan Aİ-nin doqquz addımlıq planında və Venesiya Komissiyasının tövsiyələrində göstərilən təklifləri nəzərə almayıb. Etirazçılara tətbiq edilən sərt və qeyri-proporsional cəzalar göstərir ki, hakim partiya məhkəmə sistemindən repressiya vasitəsi kimi istifadə edir” , – deyilir hesabatda.
Sənədə əsasən, Gürcüstan Komissiyanın ötən ilki tövsiyələrini də nəzərə almayıb və buna görə də həmin tövsiyələr qüvvədə qalır.
Bundan əlavə, hesabatda qeyd olunub ki, Gürcüstan Ümumi Məhkəmələr haqqında qanuna edilmiş dəyişiklikləri ləğv etməli və qanunvericiliyi Venesiya Komissiyasının tövsiyələrinə tam uyğunlaşdırmalıdır. Bu, Ədalət Ali Şurasının səlahiyyətlərinə aid olan məsələləri hakimlərin yerdəyişməsi, Ali Məhkəməyə seçilmə prosesi, effektiv apellyasiya mexanizmləri, Ali Məhkəmə hakimlərinin kvalifikasiyası və sistemin dalana dirənməsinin qarşısının alınması ilə bağlı mexanizmləri əhatə etməlidir.
Komissiyanın tövsiyələrinə görə:
- Gürcüstan məhkəmə sistemində daha genişmiqyaslı islahat aparmalı, xüsusən də Ədalət Ali Şurasını Venesiya Komissiyasının tövsiyələrinə uyğun şəkildə islah etməlidir; bu zaman üzvlərin təkrar təyin edilməsinə məhdudiyyətlər qoyulmalı, fiksə edilmiş, yenilənməyən müddətlər müəyyən edilməlidir.
Beynəlxalq ekspertlərin iştirakı ilə xüsusi etibarlılıq yoxlaması (vetting) sistemi yaradılmalı, bu ekspertlərə prosesdə həlledici rol verilməlidir – xüsusən Ədalət Ali Şurası, Ali Məhkəmə və ümumi məhkəmələrin rəhbərliyinə namizədlərin və yeni təyin olunmuş şəxslərin qiymətləndirilməsi üçün.
Konstitusiya dəyişiklikləri edilməlidir ki, baş prokurorun parlament tərəfindən təyin olunması proseduru sadə çoxluqdan ixtisaslı çoxluğa dəyişdirilsin; Prokurorluq haqqında qanun Venesiya Komissiyası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələrinə uyğunlaşdırılmalıdır.