Rəsmi Tbilisi Aİ-dən verilən hesabata belə reaksiya verdi
05.11.2025 11:27
191
Siyasət
A
Rəsmi Tbilisi Aİ-dən verilən hesabata belə reaksiya verdi

Avropa Komissiyasının genişlənmə hesabatının Gürcüstanla bağlı əsassız mənfi qiymətləndirmələrin səsləndirilməsi və növbəti siyasi spekulyasiyalar üçün istifadə olunması narahatedicidir.

Aktual.ge xəbər verir ki, bu bəyanat Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Bəyanatda qeyd olunur ki, Avropa Komissiyasının hesabatında verilən qiymətləndirmələrin obyektivliyi ilə bağlı ciddi suallar yaranır. Nazirlik, Avropa İttifaqı institutlarının Gürcüstana qarşı atdığı addımları və verdiyi bəyanatları “ölkənin daxili siyasətinə təsir göstərmək məqsədi daşıyan və Gürcüstan–Aİ münasibətlərinin ruhuna, eləcə də ümumi maraqlara zidd olan” addımlar kimi dəyərləndirib.

XİN həmçinin bəyan edib ki, Gürcüstan Avropa İttifaqına üzvlük məsələsinin siyasi alətə çevrilməsinə yönələn bütün cəhdləri pisləyir.

“2025-ci il noyabrın 4-də Avropa Komissiyası genişlənmə siyasəti ilə bağlı birgə kommunikasiya sənədini dərc edib. Həmin sənəd Aİ-yə üzv olmaq yolunda namizəd və potensial namizəd ölkələrin, o cümlədən Gürcüstanın gördüyü işləri qiymətləndirir.

Təəssüf doğurur ki, hesabat Gürcüstanla bağlı bir sıra hadisələri qərəzli şəkildə qiymətləndirir. Bu, xüsusilə 2025-ci il oktyabrın 4-də keçirilmiş yerli özünüidarəetmə seçkiləri zamanı Tbilisidə baş verən hadisələrə dair Aİ institutlarının Gürcüstanın dövlət qurumlarına qarşı zorakılığa və təzyiqlərə göz yummasından sonra təəccüblü deyil. Üstəlik, Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissar Marta Kosanın birgə bəyanatı baş vermiş hadisələrin təhrif olunmuş şərhinə əsas yaradır.

Avropa Komissiyasının hesabatı adətən namizəd ölkələrin təqdim etdiyi məlumatlara və Aİ ilə Assosiasiya Sazişi çərçivəsində aparılan dialoqlara əsaslanır.

Lakin qeyd etmək lazımdır ki, Aİ tərəfi Avropa Şurasının 2024-cü il 27 iyun tarixli qərarlarına əsaslanaraq Gürcüstanla dialoqu dayandırmaq bəhanəsi ilə ötən il ərzində Assosiasiya Sazişində nəzərdə tutulan formatda heç bir görüş keçirməyib. Hətta Aİ Gürcüstanın təqdim etdiyi 'İqtisadi İslahat Proqramı' hesabatını qəbul etməkdən və ölkənin tərəqqisini qiymətləndirməkdən də imtina edib.

Bütün bunlara baxmayaraq, Gürcüstan hökuməti qeyd edir ki, ölkənin beynəlxalq reytinqlərdə göstəriciləri yüksəlir, o cümlədən hökumət şəffaflığı, korrupsiyaya qarşı mübarizə və idarəetmənin effektivliyi sahələrində, həmçinin makroiqtisadi sabitlik və yüksək iqtisadi artım baxımından. Buna görə də Avropa Komissiyasının hesabatındakı qiymətləndirmələrin obyektivliyinə şübhə ilə yanaşmaq üçün ciddi əsaslar var. Narahatlıq doğuran məqam odur ki, Aİ institutlarının Gürcüstana qarşı son addımları və bəyanatları ölkənin daxili siyasətinə təsir göstərmək məqsədi daşıyır və bu, həm Aİ–Gürcüstan münasibətlərinin ruhuna, həm də ümumi maraqlara ziddir.

Biz Aİ-yə üzvlük məsələsinin siyasi təzyiq vasitəsinə çevrilməsinə yönələn bütün cəhdləri pisləyirik, çünki bu, Gürcüstan və Aİ münasibətlərinə zərər vurur. Gürcüstan hökuməti Avropa İttifaqı ilə bağlanmış müqavilələrə sadiqdir və Avropa standartlarına yaxınlaşmaq məqsədilə Assosiasiya Sazişindən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirməyə davam edir.

Gürcüstan hökuməti məsuliyyətli və sadiq tərəfdaş kimi bir daha təsdiqləyir ki, Aİ ilə münasibətlər qarşılıqlı hörmət, konstruktiv əməkdaşlıq və ortaq dəyərlərə əsaslanmalıdır, məcburiyyətə yox” , – rəsmi Tbilisinin bəyanatında deyilir.


Xatırladaq ki, 4 noyabr Avropa İttifaqı Gürcüstanla bağlı hesabat verib. Bildirilib ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il sentyabrın 1-dək olan dövr ərzində Gürcüstanda demokratiyanın vəziyyəti əhəmiyyətli geriləmə ilə xarakterizə olunub. Eyni zamanda Gürcüstanla bağlı keçirilən brifinqdə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas qeyd edib: "Vəziyyət sərt şəkildə dəyişmədikcə, Gürcüstanın namizəd statusu sadəcə ad olaraq qalır". 

ŞƏRH YAZ
6