Tbilisidə bir supermarketin yaxınlığında baş vermiş qrup halında zorakılığın təşkili faktına görə ittiham olunan Manana Giorgobianinin işi üzrə prokuror Giorgi Dolakidzenin sözlərinə görə, istintaq eyni zamanda etnik zəmin üzərində törətdiyi mümkün cinayətlə bağlı da aparılır.
Aktual.ge xəbər verir ki, Prokurorun bildirdiyinə görə, istintaq başa çatdıqdan sonra bu məsələ hüquqi qiymət alacaq.
Qeyd olunur ki, ictimaiyyətə yayılan video materialda Manana Giorgobiani mağazanın etnik azərbaycanlı olan məsləhətçilərinə müraciət edir və onlara qarşı müəyyən ifadələr işlədir.
“Bu istiqamətdə istintaq davam edir, sübutlar toplanır və məsələyə uyğun hüquqi qiymət veriləcək. Ola bilər ki, ona qarşı ittiham ağırlaşdırılsın” , – deyə prokuror Giorgi Dolakidze bildirib.
O, həmçinin mağazada baş verən hadisənin səbəbini də izah edib:
“Cəmiyyət həmin görüntüləri gördü hadisənin motivi o idi ki, Manana Giorgobianiyə mağazanın iki konsultantı pulun xırdalanmasından imtina etmişdi. Bu fakt kifayət etdi ki, o, həmin şəxslərə qarşı zorakılıq təşkil etsin”.
Psixiatrik ekspertizanın nəticəsindən sonra Manana Giorgobianiyə hər hansı güzəştin tətbiq olunub-olunmayacağı barədə suala cavab olaraq prokuror bildirib ki, “Hazırda hər hansı güzəştin tətbiqi nəzərdə tutulmur”.
“İş üzrə istintaq davam edir, istintaq hərəkətləri tam həyata keçirildikdən sonra qərar qəbul ediləcək. Dindirilməsi lazım olan başqa şəxslər var, ekspertizalar aparılmalıdır. Yekun mənzərə formalaşdıqdan sonra qərar veriləcək. Giorgobiani istintaqla əməkdaşlıq etməyib, ifadə də verməyib. Ona psixiatrik ekspertiza təyin olunub və bu, müəyyən vaxt tələb edir. Nəticə əldə edildikdən sonra qərar veriləcək” , – deyə prokuror qeyd edib.
Məlumat üçün qeyd edək ki, 2 noyabr supermarket yaxınlığında baş vermiş qrup halında zorakılığın təşkilinə görə ittiham olunan Manana Giorgobianinin barəsində həbs qətimkan tədbiri seçilib. Bu gün həmçinin bu iş üzrə saxlanılan digər 5 nəfərin, o cümlədən müğənni Mamuka Çarkvianinin oğlu Jako Çarkvianinin məhkəmə prosesi də keçiriləcək.
Manana Giorgobianiyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci bəndi ilə ittiham irəli sürülüb ki, bu da zorakılıqla müşayiət olunan qrup hərəkətlərinin təşkili və rəhbərliyini nəzərdə tutur. Bu maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Saxlanılan 5 nəfər, o cümlədən Jako Çarkviani isə qrup halında zorakılıqda iştirakda ittiham olunur.
Bunu da məlumat üçün bildirək ki, Manana Giorgobianinin qrup şəkilində zorakılıq törətdiyi gənclər Dmanisi və Qaraçöp sakinləridir. Onlardan biri bildirib ki, onlara hücum edilərkən "Get ölkəni" kimi etnik zəmində jargonlar ifadə edilib.