Marneulidən Qabala sifarişli qətl törətmək üçün gedən gənc saxlanılıb | Polis kamerası önündə etiraf etdi - VİDEO
07.11.2025 18:30
1031
Siyasət
A
Marneulidən Qabala sifarişli qətl törətmək üçün gedən gənc saxlanılıb | Polis kamerası önündə etiraf etdi - VİDEO

Gürcüstanın Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə həyata keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində sifarişli qətlin qarşısını alıblar – 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

Qurumun məlumatına görə, Kaxeti Polis Departamentində aparılan kompleks istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs xaricdə yaşayan kriminal avtoritet Elmuraz Mamedovun sifarişi və göstərişi ilə Laqodexi bələdiyyəsinin Qabal kəndində yaşayan bir şəxsi öldürməli idi. Qətlin motivi isə həmin şəxsin Elmuraz Mamedovun hədə-qorxu ilə tələb etdiyi 200 min ABŞ dollarını ödəməkdən imtina etməsi olub.

“Lakin təqsirləndirilən şəxs tapşırığı yerinə yetirə bilməyib və hüquq-mühafizə orqanları tərəfindən sifarişli qətl hazırlığına, həmçinin odlu silah və sursatın qanunsuz alınması, saxlanılması və daşınmasına görə saxlanılıb. Onun şəxsi axtarışı zamanı ‘Makarov’ tipli tapança, daraq və içərisində olan güllələr götürülüb.

Saxlanılan şəxs cinayəti etiraf edib. Bundan əlavə, onun cinayətdə iştirakını təsdiqləyən dəlillər, gizli istintaq tədbirləri, ona məxsus mobil telefonun yoxlanılması və digər sübutlar əldə olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-109 və 236-cı maddələri üzrə aparılır.

Saxlanılan şəxs və kriminal avtoritet Elmuraz Mamedovla cinayət əlaqəsi olan digər şəxslərin müəyyən edilməsi və onların törətmiş ola biləcəyi digər cinayətlərin aşkar olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

kriminal avtoritet Elmuraz Mamedov barəsində bir neçə cinayət işi üzrə istintaq gedir. Son aylarda o, müxtəlif işlər üzrə, o cümlədən bu ilin yayında Laqodexi bələdiyyəsində törədilmiş sifarişli qətllə bağlı, qiyabi qaydada bir neçə dəfə ittiham olunub.

'Interpolun' qırmızı dairəvi axtarışı ilə beynəlxalq səviyyədə axtarılan Elmuraz Mamedov hazırda xaricdə gizlənir. Hüquq-mühafizə orqanları onun saxlanılması və ədalət mühakiməsi qarşısına çıxarılması üçün bütün müvafiq istintaq, prosessual və əməliyyat tədbirlərini intensiv şəkildə davam etdirirlər.

Gürcüstan Daxili İşlər Nazirliyi təşkil olunmuş cinayətkarlığa qarşı barışmaz mübarizəsini davam etdirir və bu məqsədlə müvafiq, o cümlədən preventiv tədbirlər həyata keçirilir” , - məlumatda deyilir.

DİN-in təqdim etdiyi video görüntüdə sorğu-sual edilən 18 yaşlı oğlan qətl üçün Marneulidən Qabal kəndində getdiyini bildirib.

Daha ətraflı həmin videonu təqdim edirik:

ŞƏRH YAZ
2