Dünən axşam saatlarında Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndində iş adamının oğluna silahlı hücum edilib.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə 200 min ABŞ dolları məbləğində pul tələbini yerinə yetirməyən iş adamının övladına qarşı törədilib.
Mövcud məlumata görə, “oğru aləmi”nin tərəfdarları Vaxtanqisi kənd sakini olan iş adamından külli miqdarda - 200 min ABŞ dolları tələb ediblər. İş adamı tələb olunan məbləği ödəmədiyi üçün, naməlum şəxslər onun “X-Terra” markalı avtomobildə hərəkətdə olan gəncə odlu silahla atəş açıblar.
Xoşbəxtlikdən yeniyetmə xəsarət almayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları “isti izlərlə” aparılan əməliyyat tədbirləri nəticəsində gecə saatlarında iki nəfəri saxlayıblar. Digər şəxslərin tutulması istiqamətində istintaq davam edir.
Aktual.ge məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.