Kriminal avtoritetin sifarişi ilə Marneulidə sahibkarın mağazasına atəş açılıb - VİDEO
08.11.2025 18:39
1756
Kriminal
A
Kriminal avtoritetin sifarişi ilə Marneulidə sahibkarın mağazasına atəş açılıb - VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli, Kaxeti və Mərkəzi Kriminal Polis Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində böyük miqdarda gəlir əldə etmək məqsədilə qrup halında törədilmiş hədə-qorxu yolu ilə tələb etmə (reket) və qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə iki nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN mılumat verib.

Bundan əlavə, eyni cinayət işi üzrə 7 noyabr tarixində sifarişlə adam öldürməyə hazırlıq və qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə saxlanılan daha bir şəxsə penitensiar müəssisədə rəsmi ittiham irəli sürüləcək.

Cinayətlərə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

"İstintaqla müəyyən edilib ki, 2025-ci ilin sentyabr ayında, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, 'qırmızı bülleten' ilə beynəlxalq axtarışda olan və hazırda xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədov, Marneulidə yaşayan 1980-ci il təvəllüdlü N.A. adlı sahibkarla mobil telefon vasitəsilə əlaqə saxlayaraq, onu 50 000 ABŞ dollarını Türkiyə Respublikasına aparmağa məcbur edib.

Sahibkar pulu verməkdən imtina etdikdən sonra, Elmuraz Məmmədov Gürcüstanda yaşayan D.M., E.O. və A.A. adlı şəxslərə 10 000 ABŞ dolları qarşılığında N.A.-ya məxsus avtomobil ehtiyat hissələri mağazasının fasadını zədələməyi tapşırıb.

Göstərişə əsasən, həmin şəxslər avtomat silahdan atəş açaraq mağazanın şüşə fasadına zərər vurublar.

Keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanları E.O. və D.M. adlı şəxsləri şübhəli şəxs qismində saxlayıblar.

Saxlanılanlar törətdikləri cinayəti etiraf ediblər və istintaqla əməkdaşlıq edirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 25-181-ci (qrup halında hədə-qorxu ilə tələb etmə) və 236-cı (qanunsuz odlu silah dövriyyəsi) maddələri ilə aparılır" , - məlumatda deyilir.

ŞƏRH YAZ
9