"Əsas çağırışlardan biri universitetlərdə resurslardan qeyri-optimal istifadə və keyfiyyət qeyri-bərabərliyidir. Həm infrastruktur, həm də insan resurslarımızdan maksimum dərəcədə optimal istifadə edə bilmək üçün hesab edirik ki, ali təhsil sistemində konkret bir prinsip tətbiq edilməlidir, bu isə 'bir şəhər – bir fakültə' prinsipidir".
Aktual.ge xəbər verir ki, bunları Baş nazir İrakli Kobaxidze Parlamentdə interpelasiya qaydasında dinləmə zamanı bildirib.
Hökumət başçısının sözlərinə görə, bu, əsasən Tbilisiyə aiddir, çünki digər şəhərlərdə yerləşən dövlət universitetlərinin birdən artıq fakültəyə sahib olmaq üçün resursları yoxdur.
"Bu çağırış Tbilisidə mövcuddur. Həddindən artıq dağınıq sistem var ki, bu da son nəticədə ali təhsilin ümumi keyfiyyətinin aşağı və qeyri-qənaətbəxş olmasını şərtləndirir. Buna görə də hesab edirik ki, optimallaşdırma istiqamətində bu addım atılmalıdır. Tbilisidəki dövlət universitetlərində 'bir şəhər – bir fakültə' prinsipi olmalıdır. Bu, özəl universitetlərə şamil edilmir.
Məsələn, hüquq fakültəsi Tbilisidə 4 müxtəlif universitetdə fəaliyyət göstərir. Bir halda səviyyə ortadır, ikincidə – ortadan aşağı, üçüncüdə – ortadan aşağı səviyyədən də aşağı, dördüncüdə isə daha aşağıdır. Bugünkü reallıq budur, halbuki optimallaşdırma bizə imkan verəcək ki, çox tezliklə, ortamüddətli perspektivdə, hətta 4 illik perspektivdə Tbilisidə hüquq fakültəsində mahiyyətcə inkişaf etmiş dövlətlərdə məsələn, Almaniya, Böyük Britaniya və s. kimi ölkələrdə mövcud olan eyni keyfiyyət və səviyyədə təhsili təmin edək. Yəni, optimallaşdırma şəraitində dövlət universitetlərimizdə ali təhsilin keyfiyyətini mahiyyətcə yüksəldə bilərik. Buna görə də hesab edirik ki, bu addım mütləq atılmalıdır“, - deyə İrakli Kobaxidze qeyd edib.