"Krım və Donbasın Rusiyaya məxsus olmasının hüquqi cəhətdən tanınması ABŞ tərəfi ilə gələcək danışıqlarda əsas məsələlərdən biri olmalıdır".
Aktual.ge Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Putin bildirib ki, gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə keçiriləcək görüşdə strateji sabitlik və nüvə silahlarının sınaqdan keçirilməsi məsələləri müzakirə olunacaq.
O, həmçinin ABŞ-nin Ankoricdəki sammitdən sonra "LUKOIL" və "Rosneft" şirkətlərinə sanksiya tətbiq etməsinin səbəbini anlamadığını qeyd edib.
Rusiya lideri əlavə edib ki, köməkçisi Yuri Uşakovla ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqların sızdırılan stenoqramı saxta ola bilər. Onun sözlərinə görə, hər bir halda bu cür danışıqların dinlənilməsi cinayət hesab olunur.
Xatırladaq ki, "Bloomberg" agentliyi oktyabrın 14-də Uitkoff və Uşakov arasında aparılmış söhbətin stenoqramını dərc etmişdi. Həmin danışıqlarda Rusiya və ABŞ liderləri arasında telefon əlaqəsinin Ukraynadakı münaqişənin həllinə necə töhfə verə biləcəyi müzakirə olunub.