Güya Gürcüstanda Azərbaycan yüklərinin (o cümlədən tütün məmulatlarının) “bloklanması” ilə bağlı yayılan məlumat tamamilə yalandır və cəmiyyəti yanlış istiqamətə yönəltməyə xidmət edir.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti açıqlama yayıb.
Açıqlamaya görə, Gəlirlər Xidməti Türkiyə, Azərbaycan və Ermənistan respublikalarının müvafiq gömrük administrasiyaları ilə intensiv əlaqədədir.
“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gürcüstan və Azərbaycanın bəzi media vasitələrində yayılan, guya Gürcüstanda Azərbaycan yüklərinin (o cümlədən tütün məmulatlarının) 'bloklanması' ilə bağlı növbəti dezinformasiya xarakterli məlumatlara münasibət bildirir və açıqlayır ki, yayılan bu iddialar tamamilə yalandır və cəmiyyəti çaşdırmağa yönəlib.
Qeyd edirik ki, artan yük dövriyyəsi şəraitində, beynəlxalq daşımada iştirak edən nəqliyyat vasitələrinə dair bütün gömrük prosedurları xüsusi/aktiv rejimdə həyata keçirilir ki, onların maneəsiz keçidi təmin edilsin.
Eyni zamanda, Gürcüstan ərazisindəki bütün gömrük-buraxılış məntəqələrində, o cümlədən 'Qırmızı Körpü' Sərhəd-Gömrük Məntəqəsində gömrük əməkdaşları 24 saatlıq rejimdə tam hazır vəziyyətdədirlər və həm fiziki şəxslərin, həm də yüngül və sərnişin daşıyan avtomobillərin yoxlanış prosedurlarını operativ şəkildə həyata keçirirlər. Beynəlxalq yük dövriyyəsinin fasiləsizliyini təmin etmək məqsədilə, gömrük buraxılış məntəqələrinin birgə idarə edilməsi çərçivəsində Gəlirlər Xidməti Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük administrasiyaları ilə intensiv əməkdaşlıq edir ki, mövcud vacib çətinliklərin həlli yolları tez bir zamanda tapılsın.
Bir daha vurğulayırıq ki, beynəlxalq sanksiyalar tətbiq edildiyi andan etibarən, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti Gürcüstana idxal edilən malların ixracı hallarını da ciddi nəzarətdə saxlayır ki, Rusiya və ya Belarus mənşəli malların sanksiyalarda iştirak edən ölkələrə və ya əksinə daşınmasının qarşısı alınsın. Dövlət sərhədinin qorunması çərçivəsində, gömrük administrasiyasında mövcud olan risk profillərindən istifadə edilməklə yük tranziti zamanı fiziki şəxslərə və şirkətlərə də diqqət yetirilir.
Maliyyə Nazirliyinin Gəlirlər Xidməti tərəfindən gömrük nəzarəti prosedurları ciddi monitorinqə tabedir və bu proses gələcəkdə də davam edəcək”, - qeyd olunub.