"Güclü Gürcüstan – Lelo" koalisiyasının liderlərindən biri Aleksandre Elisaşvili bu gün səhər saatlarında Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhd etdiyi üçün saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, Aleko Elisaşvili noyabrın 29-da sübh tezdən maskalanaraq məhkəmə binasının xarici fasadındakı şüşəni çəkiclə sındırıb və içəri daxil olub.
"O, dəftərxana ləvazimatlarına, avadanlıqlara və sənədlərə benzin tökərək binanı yandırmağa cəhd edib", - qeyd edilən məlumatda bildirilib ki, hadisə zamanı məhkəmə icraçıları onu dərhal zərərsizləşdirib.
DİN bildirib ki, Aleko Elisaşvili əlindəki odlu silahdan istifadə etməklə müqavimət göstərib və icraçılara fiziki təzyiq tətbiq edib. O, yerindəcə saxlanılıb.
Toqquşma nəticəsində məhkəmə icraçılarından biri xəsarət alaraq tibb məntəqəsinə yerləşdirilib. Aleko Elisaşvili də saxlanılma zamanı müqavimət göstərdiyi üçün xəsarətlər alıb:
"Cinayətin törədilməsində istifadə edilən alətlər polis tərəfindən maddi sübut kimi götürülüb".