Baş Prokurorluq Tbilisi Şəhər Məhkəməsində terror aktı törətməyə cəhd faktı üzrə Aleko Elişviliyə ittiham irəli sürülməsi barədə məlumat və videogörüntülər yayıb.
Aktual.ge xəbər verir ki, Prokurorluğun yaydığı məlumata görə, Gürcüstan Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə aparılan istintaq nəticəsində müəyyən edilib ki, 29 noyabr tarixində, təxminən saat 04:00-da odlu silah, döyüş sursatı və terror aktının həyata keçirilməsi üçün lazım olan vasitələrlə silahlanmış, maskalı Aleksandre Elişvili Tbilisi Şəhər Məhkəməsinin binasına gəlib, çəkicdən istifadə etməklə məhkəmənin dəftərxana şöbəsinin xarici fasad şüşəsini sındırıb və binanın içinə daxil olub.
Qurumun məlumatına görə, binaya qanunsuz daxil olduqdan sonra Aleksandre Elişvili məhkəmənin daxili hissələrinin müxtəlif yerlərində, o cümlədən orada yerləşən əşya və sənədlərin üzərinə böyük miqdarda yanar maddə töküb və od vurmaqla yanğın törətməyə cəhd edib.
"Yanar maddə tökmək prosesində Aleksandre Elişviliyə məhkəmənin mandatlılar xidmətinin əməkdaşları yaxınlaşıb. Mandatlardan birini görən kimi Aleksandre Elişvili ona hücum edib və döyməyə başlayıb. Saxlanılma zamanı mandatlılar xidmətinin üç əməkdaşı Aleksandre Elişvilini zərərsizləşdirməyə, yanar maddəni yandırmaq imkanını əllərindən almağa və onu silahsızlaşdırmağa çalışıb. Hücum edən şəxs isə öz növbəsində odlu silahı çıxarıb istifadə etməyə cəhd edib. Aleksandre Elişvili təxminən 5-6 dəqiqə ərzində mandatlıların əməkdaşlarına aktiv şəkildə müqavimət göstərib və yalnız bundan sonra onun zərərsizləşdirilməsi və saxlanılması mümkün olub.
Saxlanılana Gürcüstan Cinayət Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi, terror aktı törətməyə cəhd ittihamı irəli sürülüb ki, bu da 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq artıq məhkəməyə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün vəsatət göndərdiyini bildirib" , - məlumatda deyilir.