“Möhtərəm hakim, bu göz yaşları deyil, qəzəbdir, nifrətdir. Elə bilməyin ki, zəifəm”.
Aktual.ge xəbər verir ki, bunu terror aktı törətməyə cəhd ittihamı ilə saxlanılan siyasətçi, “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri Aleko Elisaşvili məhkəmə prosesində deyib.
O, məhkəməni yandırmaq qərarını niyə qəbul etdiyini ətraflı izah edib.
“Sizə deyəcəyəm, nə məni bu hala gətirdi və niyə buradayam. Mən ədalətsizliyə, repressiyalara və ölkədə mövcud zorakılığa etiraz olaraq o addımı atmaq istəmişdim. Bu zorakılığın icraçısı olan strukturlardan biri də sizsiniz. Kiməsə zərər vurmaq istəsəydim, oradakı mühafizəçilərdən heç biri sağ qalmazdı. Qabığımda ‘doldurulmamış’ silah var idi. İlk mühafizəçinin davranışına təəccübləndim kiçik boylu adam idi. Bir butulka benzin tökmüşdüm. İnsanlığına hörmətim var, işini gördü, hətta mən də müqavimət göstərdim… Ondan qurtulmaq istəyirdim, amma alınmadı… Mən əvvəlcə insanam, gürcüyəm, sonra ‘terrorçuyam’.
Ora səhər tezdən getmişdim, uzun yol gəlmişdim. Bu, əvvəlcədən verilmiş qərar idi. Hər şeyi almış və hazırlamışdım. Ailəmlə də balıq tutmağa gedəcəyimi demişdim. Artıq bu ədalətsizliyə dözə bilmirdim. Muhafizəçilərin uşaqları necə sürüklediyini öz gözlərimlə gördüm. Bir polis vardı, mənim qan axmağımdan zövq aldığını gördüm…
Fakti təsdiqləyirəm, amma heç bir cinayət törətməmişəm. Heç vaxt kiminsə binasına izinsiz girməmişəm. Şüşələri bir saat ərzində sındırmağa çalışdım. Yoruldum, əziyyət çəkdim. Bir saat tərəddüd etdim. Daha tez hərəkət etsəydim, bəlkə də məqsədimə çatardım. Tikinti hasarından keçib fikirləşirdim: keçim, keçməyim? Sonra özümə qəzəbləndim necə qorxa bilərəm?! Hər kəsə sillə vurmaq istəyirdim, gördüklərimə heç vaxt razı olmayacağam.
Geyimimin altında ‘doldurulmamış’ silah var idi. Kiməsə hücum etmək istəsəydim, heç kim sağ qalmazdı. Məqsədim sadəcə mühafizəçini aradan kənarlaşdırmaq idi. Qarışıqlıq zamanı silah düşdü. Buna baxmayaraq, həmin mühafizəçinin davranışına hörmət edirəm. Kaş hamı işinə belə yanaşaydı və bu zalda gördüyümüz kimi davranmasaydı. Ailəmdən üzr istəyirəm… (Ağlayır)… Hakim, bu göz yaşları deyil, qəzəbdir və nifrətdir. Elə bilməyin ki, zəifəm. İrakli (Kupradze), əgər hesab edirsənsə ki, ümumi işə ziyan vurdum, bağışla. Mən fəxr edirəm… Bir saat boyu o polis mənə işgəncə verərmiş kimi danışırdı, 'Xazaradzedэт tonlarla pul almısan', - deyirdi. Biz bir il yarım ərzində işi kişi kimi aparırdıq. Xazaradze, Japaridze və Kupradze bilirlər ki, heç kimdən pul istəməmişəm…
Qısacası, çöldə qalanlara deyirəm: sonadək davam edin, oliqarxiyaya qarşı mübarizə aparın”, - deyə Aleko Elisaşvili söyləyib.
Hakim ona irad bildirdiyini deyib.
“Nə qədər istəyirsən, irad bildir”, - müxalif siyasətçi cavab verib.
Məlumat üçün bildirək ki, Aleko Elisaşviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb ki, bu da terror aktı törətməyə cəhd deməkdir. Bu maddə 10–15 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İstintaqın məlumatına görə, maskalı Aleko Elisaşvili 29 noyabrda saat 04:00 radələrində silah, sursat və terror aktının həyata keçirilməsi üçün lazım olan digər vasitələrlə Tbilisi Şəhər Məhkəməsinin binasına yaxınlaşıb, çəkicdən istifadə edərək binanın şüşələrini sındırıb və daxilə keçib. Prokurorluğun məlumatına əsasən, o, orada yerləşən əşyalara və sənədlərə çox miqdarda yandırıcı maddə tökərək yanğın törətməyə cəhd edib. İstintaq bildirir ki, siyasətçi mühafzəçilərdən birinə hücum edib və zərbələr endirib.