DTX BBC-nin qalmaqallı materiyalı ilə bağlı açıqlama verdi
01.12.2025 17:44
459
Siyasət
A
DTX BBC-nin qalmaqallı materiyalı ilə bağlı açıqlama verdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq televiziya qurumu BBC tərəfindən ictimai məkanlarda yayılmış cinayət xarakterli məlumatlarla bağlı araşdırmaya başlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayıb.

Qurum izah edir ki, araşdırmanın məqsədi BBC-nin yaydığı informasiyanın əsasında istifadə olunan şəxslərin müsahibələrinin, onların səsləndirdiyi faktların hansı məlumatlara söykəndiyini və bu məlumatların nə dərəcədə etibarlı ola biləcəyini detallı şəkildə müəyyən etməkdir.

“Bugünkü vəziyyətə əsasən yalnız onu fakt hesab edə bilərik ki, bir tərəfdən yayımlanan material vətəndaşların həyat və sağlamlığına yönəlmiş, təsdiqləndiyi təqdirdə onların və cəmiyyətin qanuni maraqlarını ciddi şəkildə pozan cinayət əlamətləri daşıyır. Digər tərəfdən isə material əksinə, Gürcüstanın milli maraqlarına, beynəlxalq imicinə və reputasiyasına ciddi zərər vuran, dövlət maraqlarına qarşı yönəlmiş cinayət əlamətləri ehtiva edir.

Məhz buna görə də araşdırmaya Cinayət Məcəlləsinin 333-cü maddəsi (vəzifə səlahiyyətlərinin aşılması) və 319-cu maddəsi (xarici təşkilata düşmən fəaliyyətində yardım göstərmə) ilə başlanılıb.

Araşdırma bütün istiqamətlər üzrə aparılacaq və nəticələrlə bağlı cəmiyyətə periodik olaraq detallı və əhatəli məlumat veriləcək”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, BBC yaydığı məlumatda deyilir ki, onların topladığı sübutlar Gürcüstan hökumətinin ötən il hökumət əleyhinə etiraz aksiyalarını dağıtmaq üçün Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silahdan istifadə etdiyini göstərir.

BBC yazır ki, “Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasına qarşı çıxan etirazçılar göz yanması, nəfəs darlığı, öskürək və qusma kimi müxtəlif simptomlardan şikayətlənirdilər və bu hallar həftələrlə davam edirdi”.

BBC-nin məlumatına görə, onlar "World Service"in kimyəvi silah ekspertləri, Gürcüstan xüsusi təyinatlı qüvvələrinin əməkdaşları və həkimlərlə danışıb və “sübutlar Fransız ordusunun 'kamiti' adlandırdığı maddədən istifadə edildiyinə işarə edir”.

ŞƏRH YAZ
4