"Rusiya hazırda Gürcüstanla siyasi dialoqun bərpası üçün heç bir ilkin şərt görmür".
Aktualg.ge xəbər verir ki, bunu “İzvestiya”ya nəşrinə ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər.
“Rusiya və Gürcüstan arasında siyasi dialoqun bərpası üçün heç bir ilkin şərt yoxdur, çünki Tbilisi Saakaşvilinin hakimiyyəti dövründə formalaşmış mövqeyi qoruyub saxlayır. Həmin mövqe isə ondan ibarətdir ki, diplomatik münasibətlərin bərpası Rusiyanın Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtinası ilə bağlıdır. Bu, real olmayan bir tələbdir və elə Gürcüstanın özü üçün də zərərlidir. Moskva vurğulayıb ki, respublikaların dövlətçiliyinin tanınması ilə bağlı qərarlar geri dönməzdir”, - Rusiya XİN-dən bildirib.
Bununla belə, qurumun iddiasına görə, Rusiya Gürcüstanla münasibətlərin daha da normallaşdırılması üçün lazım olan addımları atmağa açıqdır, o həddə ki, Tbilisinin özü buna hazır olsun.
“Top Gürcüstan tərəfdədir və bizim fikrimizcə, bu prosesdə ən çox maraqlı olması gərəkən də elə onlardır”, - Rusiya XİN-dən deyiblər.