Gələn tədris ilindən Gürcüstanın dövlət universitetlərinə xarici tələbələrin qəbulu ilə bağlı yeni məhdudiyyətlər tətbiq ediləcək.
Aktual.ge xəbər verir ki, bunu təhsil naziri Givi Mikanadze açıqlayıb.
Nazirin sözlərinə görə, yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklər hazırlanır. Yeni qaydalara əsasən, xüsusi hallar istisna olmaqla, xarici vətəndaşların dövlət universitetlərinə qəbuluna icazə verilməyəcək. İstisnalar yalnız ikitərəfli razılaşmalar, beynəlxalq mübadilə və xüsusi proqramlar çərçivəsində tətbiq olunacaq.
Mikanadze əlavə edib ki, Gürcüstanda təhsil almaq istəyən xarici tələbələr üçün özəl universitetlər əlçatan olaraq qalır. Ölkədə fəaliyyət göstərən 64 ali təhsil müəssisəsindən 19-u dövlət, 45-i isə özəldir. Buna görə də xarici tələbələr seçdikləri özəl ali məktəbdə istədikləri proqram üzrə təhsil ala biləcəklər.