Rusiya ilk dəfə yuanla denominasiyalı dövlət istiqrazları buraxaraq təxminən 3 milyard dollara yaxın vəsait cəlb edib və bununla da öz strateji maliyyə kursunun Şərqə yönəlməsini daha da gücləndirib.
Aktual.ge xəbər verir ki, bu barədə Financial Times yazıb.
Rusiya Maliyyə Nazirliyi 20 milyard yuan həcmində istiqrazların buraxıldığını açıqlayıb. 6% və 7% gəlirlilik dərəcəsinə malik bu istiqrazların geri ödənilmə müddəti 2029 və 2033 illərə təsadüf edir. Bu addım Moskva üçün daha ucuz borclanmaya imkan yaradır, çünki ölkədə daxili faiz dərəcələri 16%-dən yuxarıdır.
Məlumata görə, istiqrazların yarıdan çoxunu Çinlə artan ticarət əlaqələrinin fonunda yuan ekspozisiyasını artırmış banklar alıb. Rusiya maliyyə naziri Anton Siluanov bildirib ki, bu buraxılış Çin bazarında fəaliyyət göstərən rus şirkətləri üçün likvid suveren göstərici yaradır və onlara daha əlverişli şərtlərlə borc götürməyə şərait yaradacaq.
Financial Times qeyd edir ki, bu addım yuanla borclanmağa keçidin ən böyük nümunələrindən biridir və Pekinin öz valyutasının beynəlxalq istifadəsini genişləndirmə strategiyasını gücləndirir. Sanksiyalar fonunda Rusiya yuana faktiki olaraq yeni “ehtiyat valyutası” statusu verib — Milli Rifah Fondunun likvid aktivlərinin böyük hissəsi artıq yuanladır. Bundan əlavə, Çindən idxal və Rusiyanın Çinə neft ixracı iki ölkə arasında sabit maliyyə axını formalaşdırır.
Moskva yuanla istiqrazlardan artan büdcə kəsirinin örtülməsi üçün istifadə edir, Pekin isə Rusiyanın bu prosesə inteqrasiya olmasını öz valyutasının beynəlmiləlləşməsi üçün mühüm sübut kimi qiymətləndirir. Analitiklərin fikrincə, gələcəkdə rus şirkətlərinin yuanla borclanma həcmi bir vaxtlar dollarla borclanmaya bərabərləşə bilər və bu da Rusiya–Çin maliyyə dövriyyəsinin tam formalaşmasını ifadə edəcək.