Baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə deyib ki, 5 gün ərzində cəmiyyət xarici xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılmış, Gürcüstanın sabitliyini sarsıtmağa və ölkənin reputasiyasına zərər vurmağa yönəlmiş kampaniyanı izləyirdi.
Aktual.ge xəbər verir ki, hökumət rəhbəri keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, bu anti-Gürcüstan kampaniyasında həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda cəmiyyətə yaxşı tanış olan, mənfi imicli şəxslər fəal iştirak edirdilər.
“Ölkə daxilində bu kampaniyaya 'adi şübhəlilər', yəni radikal partiyaların, radikal media vasitələrinin, radikal QHT-lərin və radikal siyasi aktivistlərin simasında xarici agentura fəal şəkildə qoşuldu. Britaniya yayımçısı tərəfindən hazırlanmış reportaj isə tamamilə uydurma fərziyyələrə və qondarma məlumatlara əsaslanırdı və Gürcüstanın və gürcü xalqının əleyhinə yeni hibrid müharibə aparmaq üçün siyasi yönümlü qruplar üçün süni bəhanəyə çevrildi. Onlar həm ölkə daxilində, həm də beynəlxalq arenada yalan ittihamlarla süni ajiotaj yaratmağa çalışdılar.
Britaniya yayımçısının hazırladığı reportajda bir neçə təsdiqlənmiş yalan ittiham vardı ki, onlardan ən həssası guya qadağan olunmuş kimyəvi maddə, 'Kamit'dən istifadə ilə bağlı idi. Aparılmış istintaq nəticəsində qəti şəkildə təsdiqləndi ki, Gürcüstan Daxili İşlər Nazirliyi bu maddəni nəinki heç vaxt istifadə etməyib, hətta heç vaxt ölkəyə gətirməyib. Bundan əlavə, istintaq bir daha sübuta yetirdi ki, keçən il zorakı mitinq iştirakçılarının dağıdılması zamanı Daxili İşlər Nazirliyi nə 'Kamit", nə də digər hər hansı qadağan olunmuş maddədən istifadə etməyib” , - deyə Baş nazir söyləyib.
Xatırladaq ki, BBC-nin hazırladığı iddialı xüsusi reportaja görə, Gürcüstan hakimiyyəti keçən il aksiyaları dağıtmaq üçün su şlanqlarında Birinci Dünya Müharibəsi dövrünə aid kimyəvi maddə – “kamit” istifadə edib.
BBC tərəfindən ictimaiyyətə yayılmış məlumatla bağlı iki maddə üzrə araşdırma başlayıb.
Araşdırma Cinayət Məcəlləsinin 333-cü maddəsi (vəzifə səlahiyyətlərinin aşılması) və 319-cu maddəsi (xarici təşkilata düşmən fəaliyyətdə kömək) üzrə aparılır.
BBC-yə müsahibəyə görə, Dövlət Təhlükəsizlik Xidməti həmin şəxsləri çağırıb, kimlər ki, Britaniya yayımçısının araşdırmasında iştirak ediblər.