"Gələn ildən etibarən dövlət universitetlərinə qəbul olunan heç bir tələbə təhsil haqqı ödəməyəcək və dövlət həmin tələbələrin tam maliyyələşdirilməsini öz üzərinə götürəcək".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu qərar sosial baxımdan da son dərəcə əhəmiyyətlidir.
“Bizim hakimiyyət dövründə məktəbəqədər təhsil pulsuz oldu, həmçinin bildiyiniz kimi, ümumi təhsil tamamilə pulsuzdur. Buna artıq təhsilin üçüncü pilləsi, ali təhsil də əlavə olunur və o da tamamilə pulsuz olur. Gələn ildən və növbəti illərdə dövlət universitetlərinə qəbul olunan bütün tələbələr üçün təhsil pulsuz olacaq. Bu o deməkdir ki, biz mərhələli şəkildə tam pulsuz ali təhsilə keçirik. Bu sistem tam şəkildə beş il ərzində tam qüvvəyə minəcək. Gələn ildən etibarən dövlət universitetlərinə qəbul olunan tələbələrin heç birinə təhsil haqqı ödəmək lazım olmayacaq və dövlət onların təhsil xərclərinin tam maliyyələşdirilməsini öz üzərinə götürəcək. Bu, xüsusilə sosial baxımdan çox mühüm addımdır. Bizim əsas prioritetlərimizdən biri gənclərin dəstəklənməsi və onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu güzəşt gələcək tələbələr üçün olduqca vacib olacaq”, - deyə Baş nazir qeyd edib.