"Əgər azsınızsa, bunu nəzərə alaraq etirazınızı bildirməlisiniz, çoxsunuzsa, küçələri də bağlaya bilərsiniz, prospektləri də və hər şeyi də, amma 50, 100 və hətta 150 nəfər 4 milyon insana qarşı zor tətbiq edə bilməz".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Yığıncaq və nümayişlər haqqında qanuna” planlaşdırılan dəyişikliklərdən danışarkən bildirib.
“Məsələ sadədir. Qəbul edilmiş və parlamentdə təşəbbüs olunmuş bütün qanunlar bu məntiqə əsaslanır.
Bununla belə, əvvəlcədən xəbərdarlıq tələbi konstitusiyada nəzərdə tutulub, qanunvericilikdə də həmişə nəzərdə tutulub, təkcə bizdə yox, digər ölkələrdə də. Yəni müəyyən hallara görə konkret qurum yığıncağın başqa yerdə keçirilməsini tələb edə bilər və s. Bu da beynəlxalq standartlara uyğundur, bütün ölkələrin standartlarına uyğun gəlir. Bu, Strasburq məhkəməsi tərəfindən də bölüşülən beynəlxalq standartdır. Buna görə də qəbul etdiyimiz bütün qanunları məhz Strasburq praktikasını və beynəlxalq təcrübəni nəzərə alaraq qəbul edirik. Başqa cür işləmirik. Bizim narahatlığımız odur ki, 150 nəfər 4 milyon insana qarşı zor tətbiq edir. Biz 4 milyon insanın qarşısında onların maraqlarını qorumaq üçün məsuliyyət daşıyırıq. Məsələ sadədir”, - deyə İrakli Kobaxidze əlavə edib.
Məlumat üçün bildirək ki, dəyişikliklərə əsasən, əgər yığıncaq və ya nümayiş insanların hərəkət etdiyi ərazidə keçirilirsə, Daxili İşlər Nazirliyinin əvvəlcədən xəbərdarlıq etməsi tələbi müəyyən edilir. Bununla yanaşı, avtomobil yolunun bağlanması kimi, insanların hərəkət hissəsinin də kütlənin sayının bunu tələb etmədiyi halda süni şəkildə bağlanması qadağan edilir. Həmçinin insanların hərəkət hissəsinin avtomobillər, müxtəlif konstruksiyalar və əşyalarla bağlanması da qadağan olunacaq.