“Ölkəmizlə bağlı onların atdığı addımlara nəzər salanda, bu bəyanatlar təkcə gülünc deyil, həm də təhqiredicidir. Çünki onlar sadəcə qarışmır, bilavasitə ölkəmizin daxili siyasətinə müdaxilə edirlər”.
Aktual.ge xəbər verir ki, bu sözlərlə Parlament çoxluğunun lideri İrakli Kirçxaliya deyib.
“Onların bu bəyanatı gülünc təsir bağışlayır. Ölkəmizə münasibətdə atdıqları addımlara, bəyanatlara, buradakı agenturalarına verdikləri tapşırıqlara nəzər salsaq, deyə bilərik ki, bu bəyanatlar təkcə gülünc deyil, həm də təhqiredicidir, xüsusilə bunu ölkəmizin prizmasından qiymətləndirsək. Hamımız yaxşı bilirik ki, onlar sadəcə qarışmırlar, ölkəmizin daxili siyasətinə birbaşa şəkildə müdaxilə edirlər” , - İrakli Kirçxaliya Aİ liderləri Kaya Kallas və Antonio Koştanın, digər ölkələrin daxili işlərinə qarışmamaq barədə etdikləri açıqlamaları belə dəyərləndirib.
Onun sözlərinə görə, məhz Avropalı bürokratların və onlardan idarə olunan siyasətçilərin başqa ölkələrin daxili işlərinə müdaxiləsi Ukraynanı bu günkü vəziyyətə gətirib çıxarıb.
“Gəlin regional baxımdan qiymətləndirək: hamımız yaxşı bilirik və gördük ki, Ukraynada nə baş verir, orada hansı siyasət yürüdülür və Ukraynanı bu gün düşdüyü vəziyyətə gətirən hər şey hansı siyasətlə planlaşdırıldı. Bu ‘proksi-dövlət’i, elə həmin bürokratların və qeyri-rəsmi idarəçilərin təsiri altında olan siyasətçilərin daxili işlərə müdaxiləsi hara gətirib çıxardığını gördük. Ölkəmizə münasibətdə də onların nə istədiklərini yaxşı gördük. Ona görə də belə bir açıqlama, xüsusilə bütün dünyanın 'Politico'ya verdiyi müsahibədə Trampın Brüsseldə fəaliyyət göstərən böyük sxemi və ‘şər maşınını’ necə ifşa etdiyini gördükdən sonra, təkcə gülünc deyil, həm də təhqiredicidir” , - deyə o, əlavə edib.