ABŞ Prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyaları zamanı insanların öldürüləcəyi təqdirdə Vaşinqtonun “İranı çox sərt şəkildə vuracağını” bildirib.
Aktual.ge xəbər verir ki, “The Hugh Hewitt Show” radio proqramında iştirak edən Tramp, İrandakı etirazlarda çox böyük izdihamın yarandığını və kütləvi sıxlığın müşahidə edildiyini qeyd edib.
Tramp etirazlar zamanı insanların həyatını itirdiyini, lakin bu ölümlərə görə məsuliyyətin konkret olaraq hansı tərəfin üzərinə qoyula biləcəyinə əmin olmadığını deyərək, bu cür hadisələrin davam edəcəyi halda İranın ağır bədəl ödəyəcəyini vurğulayıb.
Tramp söyləyib:
“Onlar çox pis vəziyyətdədirlər. Mən onlara bunu da çatdırdım: Əgər insanları öldürməyə başlasalar - ki, üsyanlar zamanı buna meyilləri var, tez-tez üsyan qaldırırlar əgər bunu etsələr, biz onları [İranı] çox sərt şəkildə vuracağıq”.
Qeyd edək ki, Tramp əvvəl də oxşar açıqlama vermişdi.
Bu arada, İranda davam edən etirazlar fonunda ölənlərin sayı 46-nı keçib.