İranın ali lideri Ayətullah seyid Əli Xamenei, bəzi qrupların nümayişlər vasitəsilə ölkə idarəçiliyini hədələyən ABŞ prezidenti Donald Trampı “Razı salmaq üçün” ictimai mülkiyyəti dağıtdığını bildirib və Trampa müraciətlə “Əgər bacarırsa, qoy öz ölkəsini idarə etsin” deyib.
Aktual.ge "Andolu Ajansı"na istinadən xəbər verir ki, o, 1977-ci ilin yanvarında devrilmiş Şah rejiminə qarşı Qum şəhərində başlayan üsyanın ildönümü münasibətilə bu şəhərin sakinlərini qəbul etdiyi görüşdə, ölkədə iqtisadi problemlər səbəbindən başlayan və dünən gecə şiddətlənən hadisələr dəyərləndirib.
ABŞ Prezidenti Trampın ölkədəki etirazlar üzərindən İran rəhbərliyini hədələdiyini bildirən Ayətullah Xamenei deyib:
“Dünən gecə Tehranda bir qrup vandal ABŞ Prezidentini razı salmaq üçün özlərinə məxsus ictimai mülkiyyəti dağıtdı. O [Tramp] bacarırsa, qoy öz ölkəsini idarə etsin”.
İsrail və ABŞ-ın 2025-ci ilin iyununda İrana hücumları zamanı 1000-dən çox insanın həlak olduğunu xatırladan İran lideri söyləyib:
“Bu şəxs, ‘Əmri mən verdim; müharibə zamanı mən komandanlıq etdim’ dedi. Yəni, əllərinin iranlıların qanı ilə ləkələndiyini etiraf etdi. Ardınca isə ‘Mən İranın tərəfdarıyam’ deyir. Bir ovuc təcrübəsiz və düşüncəsiz insan da buna inanaraq onun istəklərinə uyğun hərəkət edir”.
İranın “xarici güclər tərəfindən dəstəklənən agentlərə güzəştə getməyəcəyini” deyən Ayətullah Xamenei sözlərinə belə davam edib:
“Xalqımız xaricilər üçün muzdlu olmağı qəbul etmir. Kim olursunuzsa olun, bir xarici üçün muzdlu olduqda, bir xarici üçün işlədikdə, o ölkə sizi rədd edilmiş hesab edir. Orada təkəbbürlə bütün dünyanı mühakimə edən o şəxs [Tramp] də bilməlidir ki, adətən dünyanın zalım və təkəbbürlü gücləri olan Firoun, Nəmrud, Rza xan, Məhəmməd Rza və onlara bənzərlər məhz qürurlarının zirvəsində olduqları vaxt devriliblər. Bu da devriləcək.
Hamı bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib və sabotajçılar qarşısında geri addım atmayacaq".
İrandakı etirazlar
İranda 2025-ci ilin 28 dekabrında ölkənin yerli valyutasının xarici valyutalar qarşısında yüksək dərəcədə dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehran Böyük Bazarında satıcıların başlatdığı etirazlar ölkənin bir çox şəhərinə yayılıb.
Etirazlar zamanı ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, ABŞ mərkəzli “İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA)” dünənə olan məlumata görə, etirazlarda 8-i təhlükəsizlik əməkdaşı olmaqla 42 nəfərin həlak olduğunu, onlarla insanın yaralandığını və 2 min 277 nəfərin saxlanıldığını açıqlayıb.
Yarı rəsmi Tesnim Xəbər Agentliyi isə 7 yanvar tarixində yaydığı məlumatda etirazlar zamanı yaralanan polis əməkdaşlarının sayının 568-ə, könüllü təhlükəsizlik qüvvələri kimi tanınan Bəsic üzvlərinin sayının isə 66-ya yüksəldiyini bildirib, ümumi insan tələfatı ilə bağlı məlumat verməyib.
ABŞ Prezidenti Tramp da İrandakı etirazlar üzərindən ölkə rəhbərliyini hədələyən açıqlamalarla çıxış edib.