Batumidə supermarketlərdən birinə quldurluq hücumu edilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən cinayət başında yaxalanıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Bildirilib ki, hadisə dünən, yanvarın 14-də baş verib.
"İstintaq müəyyən edib ki, hücum edən şəxs bıçaqla hədə-qorxu gələrək kassir-operatordan pulları tələb edib. Cinayəti törətdikdən sonra qaçmağa çalışan şübhəli, polis əməkdaşlarının çevikliyi sayəsində hadisə yerindəcə tərksilah edilərək saxlanılıb.
Acara Polis Departamentinin Batumi Şəhər İdarəsi tərəfindən saxlanılan şəxsin 2000-ci il təvəllüdlü, əvvəllər də məhkumluq həyatı yaşamış B.A. olduğu məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı quldurluq yolu ilə ələ keçirilən pullar və cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (quldurluq) ilə cinayət işi açılıb" , - məlumatda qeyd olunub.