Rabitə Komissiyasının (ComCom) apardığı araşdırmaya görə, Gürcüstanda bir çox internet istifadəçisi provayderlə bağlanmış müqavilədə göstərilən sürəti əldə edə bilmir bu problemin əsas səbəbi əksər hallarda provayder şəbəkəsi deyil, istifadəçilərin evlərində quraşdırılmış Wi-Fi routerlərdir.
Aktual.ge xəbər verir ki, bu barədə "ComCom" məlumat yayıb.
Bildirilib ki, qurum sabit internet xidmətlərinin keyfiyyətini yoxlamaq məqsədilə araşdırmalar aparıb:
"Texniki komanda 24 saat ərzində 50 abonentin internet bağlantısını izləyib və müəyyən edib ki, internet evlərə normativlərə uyğun şəkildə çatdırılır. Sürət itkisi isə əsasən ev daxilində, xüsusilə Wi-Fi avadanlıqları səviyyəsində baş verir.
Araşdırma çərçivəsində routerlər xüsusi laboratoriyada test edilib. Nəticələr göstərib ki, provayderlər tərəfindən pulsuz təqdim olunan routerlərdən istifadə edən abonentlərin 26 faizi müqavilədə nəzərdə tutulan internet sürətinə çata bilmir. Komissiyanın açıqlamasına görə, bunun əsas səbəbi köhnə nəsil və zəif texniki göstəricilərə malik routerlərdir.
Wi-Fi sürətinə bir sıra amillər təsir edir. Bunlara routerin nəsli, yerləşdirildiyi yer, antenanın mövqeyi, şəbəkəyə qoşulan cihazların sayı, istifadə olunan tezliklərin uyğunluğu, eləcə də yaxınlıqda yerləşən digər router və radio qurğularının yaratdığı siqnal maneələri daxildir. Qurumun tövsiyəsinə görə, router mənzilin mərkəzində yerləşdirilməli və müasir texniki standartlara cavab verməlidir.
İnternet xidmətlərinin keyfiyyəti ilə bağlı istifadəçilərin məlumatlandırılması məqsədilə Rabitə Komissiyası genişmiqyaslı informasiya kampaniyasına başlayıb. Bu çərçivədə wifi.comcom.ge platforması yaradılıb. Platforma vasitəsilə istifadəçilər Wi-Fi üzərindən əldə etdikləri real internet sürətini ölçə, həmçinin sürətə və sabit internetin keyfiyyətinə təsir edən əsas amillər barədə məlumat ala bilərlər.
ComCom istifadəçilərə provayderlərin təqdim etdiyi standart routerləri imkan daxilində daha müasir modellərlə əvəz etməyi tövsiyə edir" , - məlumatda deyilir.