Yuxarı Lars sərhəd-keçid məntəqəsində Şimali Osetiya tərəfdən Rusiyanın Gürcüstanla sərhədini keçməyi gözləyən 1500-dən çox yük avtomobili dayanıb.
Aktual.ge xəbər verir ki, bu haqda Şimali Osetiya–Alaniya Respublikasının Yol Hərəkətinin İdarə Olunması Mərkəzinin rəsmi saytında məlumat verilib.
Hazırda Gürcüstan–Rusiya sərhədinə aparan yolda ağır yük avtomobillərinin hərəkətinə qadağa qoyulub, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə açıqdır.
Son məlumatlara görə, elektron növbədə 1700-dən çox ağır yük avtomobili qeydiyyatdan keçib.
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin mətbuat xidmətinin bildirdiyinə görə, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində hava şəraitinin pisləşməsi səbəbindən 17 yanvar tarixindən etibarən yük avtomobillərinin hərəkəti dayandırılıb.
Qurumun məlumatında qeyd olunur ki, Vladikavkaz ilə Lars yaşayış məntəqəsi arasında, Rusiyadan çıxış istiqamətində Gürcüstana doğru hərəkət hava şəraitinin pisləşməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasının mümkün olmaması səbəbindən qadağan edilib. Qərar Gürcüstan Sərhəd Polisinin tövsiyələrinə uyğun olaraq qəbul edilib.
Bundan əvvəl, 11 yanvar tarixində nəzarət-buraxılış məntəqəsində bütün növ nəqliyyat vasitələri üçün hərəkət dayandırılmışdı. Səbəb yenə əlverişsiz hava şəraiti idi. Hərəkət 15 yanvar tarixində bərpa olunub.