"Komissiya çərçivəsində konkret fəaliyyət planı hazırlamışıq. Bu plana əsasən, yaxın aylarda real, ölçülə bilən nəticələr əldə etmək üçün birbaşa özəl sektorla çox fəal şəkildə işləyəcəyik".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ərzaq məhsullarının qiymətləri ilə bağlı Gürcüstanın Baş nazirinin rəhbərliyi altında fəaliyyət göstərən hökumətarası əlaqələndirmə komissiyasının Hökumət Administrasiyasında keçirilən ilk iclasından sonra məlumat verib.
Onun sözlərinə görə, komissiya ərzaq məhsullarının, dərmanların, eləcə də yanacağın qiymətləri üzrə işləyəcək.
“Cari dövrdə biz birbaşa özəl sektor nümayəndələri ilə – istər pərakəndə ticarət şəbəkələri, distribyutorlar, istərsə də digər subyektlər, o cümlədən məhsul istehsalçıları ilə çox fəal görüşlər keçirəcəyik. Məqsədimiz bu komissiya çərçivəsində yaxın aylarda, faktiki olaraq aprel ayının sonuna qədər konkret nəticələr əldə etməkdir”, - deyə iqtisadiyyat və davamlı inkişaf naziri bildirib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərliyi altında fəaliyyət göstərən hökumətarası əlaqələndirmə komissiyasının üzvləri bunlardır: iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze, maliyyə naziri Laşa Xutsişvili, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze, Hökumət Administrasiyasının rəhbəri Levan Jorjolianı və Rəqabət və İstehlakçıların Müdafiəsi Agentliyinin sədri İrakli Lekvinadze.
Komissiyanın qurulmasındakı məqsəd ölkədəki ərzaq məhsullarının qiymətlərinin tənzinlənməsidir.