Marneulinin Candar qəsəbəsində sakinlərin razılığı olmadan qəsəbənin girişində İmereti bölgəsinə aid Saçxere bələdiyyəsinin adını əks etdirən “Saçxere küçəsi” lövhəsi quraşdırılıb. Bu hal Candar sakinlərinin narazılığına səbəb olub.
Sakinlər etiraz edərək Marneuli Meriyasına müraciət ediblər. Yerli əhalinin etirazından sonra lövhə sökülsə də, dirəklər yerində qalıb. Hazırda Candar sakinləri imzatoplama kampaniyasına başlayıblar. Onlar bildirirlər ki, Candar artıq kənd statusunda deyil və Marneuli şəhərinin bir hissəsidir. Bu səbəbdən mərkəzi küçənin “Candar küçəsi” olduğunu və lövhədə də bu adın əks olunmasını tələb edirlər.
Məsələ ilə bağlı şəhər deputatı Vasil Xaxulaşvili açıqlama verib. O bildirib ki, sözügedən lövhə bir vətəndaş tərəfindən özbaşına quraşdırılıb. Meriyaya məlumat daxil olan kimi müvafiq qurumun əməkdaşları əraziyə cəlb olunaraq lövhəni söküblər. Deputat əlavə edib ki, küçə adının dəyişdirilməsi və ya yeni ad verilməsi yalnız əhalinin razılığı əsasında və müvafiq komissiyanın iclasında müzakirə edildikdən sonra mümkündür.
Məsələni aydınlaşdırmaq və Candarın girişində bu cür lövhənin hansı məqsədlə quraşdırıldığını öyrənmək üçün adı hallanan sahibkarla əlaqə saxlanılsa da, o, suallara cavab verməkdən yayınıb.
Bundan əlavə, Candar sakinləri yol problemindən də narahat olduqlarını bildiriblər. Onların sözlərinə görə, xüsusilə yağışlı havalarda yolun vəziyyəti hərəkəti çətinləşdirir.
Şəhərin majoritar deputatı Vasil Xaxulaşvili qeyd edib ki, yol problemi yaxın vaxtlarda öz həllini tapacaq və yaxın günlərdə yolun təmir olunması üçün tender elan ediləcək.
Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik: