Parlament çoxluğunun lideri İrakli Kirçxalia parlamentin plenar iclasında çıxış edərək xarici ölkələrin Gürcüstanın daxili işlərinə müdaxiləsi mövzusuna toxunub və “Moskva mexanizmi”nin işə salınmasını dəyərləndirib.
Kirçxalia hakim komandanın mövqeyini açıqlayaraq bildirib ki, son illərdə bəzi institut və təşkilatlar əməkdaşlıq aləti kimi deyil, arzuolunmaz siyasi opponetlərin cəzalandırılması mexanizmi kimi istifadə olunur.
Onun sözlərinə görə, bir neçə gün əvvəl İsveç Gürcüstanda baş verən proseslərlə bağlı narahatlığını ifadə edib və ölkədə guya insan hüquqlarının pozulması ehtimalına dair “Moskva mexanizmi”nin işə salınmasını dəstəkləyən 24 ölkə arasında yer alıb.
Kirçxalia vurğulayıb ki, bu məsələ ilə bağlı hakim komandanın aydın mövqeyi var və təəssüf ki, son bir neçə ildə dəfələrlə şahid olunub ki, real əməkdaşlığa xidmət etməli olan bəzi institutlar və təşkilatlar siyasi təzyiq alətinə çevrilir.
Bununla yanaşı, o qeyd edib ki, hazırda Gürcüstanda insan hüquqları “Moskva mexanizmi”nin işə salınmasını təşviq edən ölkələrin əksəriyyətindən daha yaxşı qorunur. Bu baxımdan Kirçxalia bildirib ki, Gürcüstanın gizlədəcəyi heç nə yoxdur və ATƏT nümayəndələri ölkəyə gələrək istədikləri mövzunu və istədikləri müddətdə araşdıra bilərlər.