Qardabani şəhərində yerləşən Marağa məscidi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Aktual.ge xəbər verir ki, məscidin açılış mərasimində Qardabani meri Davit Kargateli, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev və Şərqi-Gürcüstan müftisi Etibar Eminov, Azərbaycanın Gürcüstandakı səfirliyinin diplomatı Cavid Məhərrəmov, Türkiyə səfirliyinin dini işlər üzrə müşaviri Mahmud Göl, İranın Gürcüstandaki səfirliyinin əməkdaşları, keçmiş şeyx hacı Ramin İgidov, icma nümayəndələri, şəhər sakinləri, rəsmi şəxslər, ziyalılar və dindarlar iştirak ediblər.
Bildirilib ki, Marağa məscidi bölgənin dini və mədəni həyatında mühüm yer tutur. Məscid Gürcüstanda yaşayan azərbaycanlı icmasının əsas dini mərkəzlərindən biri olmaqla yerli əhali tərəfindən fəal şəkildə istifadə olunur.
Qeyd olunub ki, məscidin tarixi 1825-ci ilə gedib çıxır. Bu fakt Marağa məscidini Gürcüstandakı ən qədim məscidlərdən birinə çevirir. Tikilinin üslubu klassik İslam memarlığını əks etdirir və bölgənin dini-mədəni irsinin qorunmasında mühüm rol oynayır.
Məscid Qardabani şəhərinin mərkəzində, 9 Aprel küçəsində yerləşir. Burada cümə və bayram namazları qılınır, dini mərasimlər və maarifləndirici tədbirlər keçirilir. Marağa məscidi, eyni zamanda, yerli icma üçün sosial və mədəni bir mərkəz funksiyasını da yerinə yetirir.
Tədbirdə Marağa məscidinin yenidən istifadəyə verilməsi tolerantlıq və birgəyaşayışın bariz nümunəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, məscid xeyriyyəçi Hacı Fərhad Əliyevin dəstəyi ilə bərpa olunub.
Daha sonra Qardabanidə Hz. İmam Məhdinin (ə.f) təvəllüdü münasibətilə Kosalı şadlıq sarayında bayram tədbiri keçirilib.








