Kommersiya rüşvəti və saxta sənədlərin hazırlanması faktı üzrə iki nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Akkreditasiya üzrə Vahid Milli Orqan – Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunmuş müəssisənin adından istifadə edərək, avtomobilə faktiki texniki baxış keçirmədən sıxılmış təbii qazla işləyən nəqliyyat vasitəsinin sistemi və qaz balonu ilə bağlı saxta texniki baxış sertifikatı hazırlayıb və dövriyyəyə buraxıblar.
Saxta sənədlərdə guya yoxlanılmış nəqliyyat vasitəsinin qaz balonu sistemi və avadanlıqlarının “Avtonəqliyyat vasitələrində qaz balonlu avadanlığın quraşdırılması, onun texniki tələblərə uyğunluğunun qiymətləndirilməsi və təhlükəsiz istismarı haqqında texniki reqlamentin təsdiq edilməsi barədə” Gürcüstan hökumətinin 15 yanvar 2014-cü il tarixli, 80 nömrəli qərarının tələblərinə uyğun olduğu qeyd edilib.
Bildirilib ki, akkreditə olunmuş qurum tərəfindən törədilmiş analoji cinayət faktlarının, eləcə də bu cinayətlərdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq intensiv şəkildə davam etdirilir.
Faktla bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 1-ci və 3-cü hissələri, həmçinin 210-cu maddəsinin 1-ci hissəsi üzrə araşdırılır. Qeyd olunan maddələr 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.