Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, qida ilə birbaşa təmasda olan plastik məhsulların istifadəsinə məhdudiyyətlər mərhələli şəkildə tətbiq olunacaq.
Aktual.ge xəbər verir ki, o, bu barədə hökumətin bu günki iclasında bildirib.
Qeyd olunub ki, müvafiq qərar layihəsi hazırlanıb və sənədə əsasən, 1 iyuldan etibarən ictimai iaşə obyektləri tərəfindən istehlakçılara plastmas materialda yerləşdirilmiş qidanın təqdim edilməsi qadağan ediləcək. 2027-ci il 1 fevraldan isə plastmas materialda yerləşdirilmiş qidanın istehsalı, idxalı və bazara çıxarılması qadağan olunacaq.
Onun sözlərinə görə, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi plastmas istehlakının azaldılması üzrə elə bir model hazırlayıb ki, bu model bir tərəfdən sağlamlıq və ətraf mühitin qorunmasını, digər tərəfdən isə iqtisadi maraqları balanslaşdırır.
“Plastik məhsullarla bağlı mühüm yeniliklərimiz var. Bu istiqamətdə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi fəal işləyir. Məqsədimiz qida ilə birbaşa təmasda olan plastik məhsulların istifadəsinə mərhələli məhdudiyyətlər tətbiq etməkdir. Araşdırmalar göstərir ki, plastmasdan istifadənin artan miqyası həm ətraf mühitə, həm də insanların sağlamlığına mənfi təsir göstərir. Buna görə də mühüm tədbirlərin görülməsi zəruridir. Tədqiqatlara əsasən, plastmas istehlakı onkoloji xəstəliklərə, reproduktiv və nevroloji problemlərə, hormonal pozuntulara və digər tibbi fəsadlara səbəb ola bilər. Bu baxımdan məsələ xüsusi diqqət tələb edir.
Nazirlik plastmas istehlakının azaldılması üçün elə bir model hazırlayıb ki, bu model sağlamlıq və ətraf mühitin qorunması ilə yanaşı, iqtisadi maraqları da nəzərə alır, həmçinin tənzimləmələrin ağlabatan müddətlərdə tətbiqini və qüvvəyə minməsini təmin edir.
Artıq ilk addımlar atılıb – 1 yanvardan etibarən bəzi növ birdəfəlik plastmas qabların satışı, istehsalı və idxalı qadağan edilib. Həmçinin hökumət qərarının layihəsi hazırlanıb ki, bununla da 1 iyuldan ictimai iaşə obyektləri tərəfindən istehlakçılara plastmas materialda yerləşdirilmiş qidanın təqdim edilməsi qadağan olunacaq. 2027-ci il 1 fevraldan plastmas materialda yerləşdirilmiş qidanın istehsalı, idxalı və bazara çıxarılması qadağan ediləcək. Bu qadağa müəyyən məhsul kateqoriyalarına şamil edilmir və bu, müvafiq normativ sənədlərdə əksini tapıb. Bu dəyişikliklər ətraf mühitə və insanların sağlamlığına daha yaxşı qayğı göstərmək baxımından vacibdir”, - deyə Baş nazir qeyd edib.